Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Norveç Mərkəzi Statistika Bürosu ilə təcrübə mübadiləsi məqsədilə Osloda səfərdə olmuşdur
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndə heyəti cari ilin 16-18 dekabr tarixlərində statistika sistemində idarəetmənin optimallaşdırılması, metaməlumatlar sisteminin təkmilləşdirilməsi və statistikada İKT-dən istifadə olunması ilə bağlı Norveç Mərkəzi Statistika Bürosunun təcrübəsinin öyrənilməsi məqsədi ilə Osloda səfərdə olmuşdur.
Nümayəndə heyətinin tərkibinə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Əmək statistikası şöbəsinin müdiri Natella Quliyeva, Xidmət statistikası şöbəsinin müdiri Elçin Hacı, Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin Dövlət registri, seçmə və təsnifatlar sektorunun baş məsləhətçisi Lalə Salamzadə, Beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Gülşən Xəlilova, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə Texnoloji Mərkəzinin direktoru Saleh Mövlamov, Baş Hesablama Mərkəzi direktorunun müavini Faiq Cəlilov daxil olmuşdur.
Təlim səfəri çərçivəsində Norveç MSB-nin mütəxəssisləri ilə geniş müzakirələr aparılmışdır. Norveçin və Azərbaycanın statistika qurumlarının təcrübələrinə dair təqdimatlar həyata keçirilmiş, aidiyyəti məsələlər üzrə materiallar əyani şəkildə nümayiş etdirilmiş, Norveç MSB-nin strukturu, iş prinsipi, tətbiq olunan texnologiyalarla yerində tanışlıq üçün müvafiq şərait yaradılmışdır.
Norveç MSB mərkəzləşdirilmiş sistem şəklində fəaliyyət göstərir. Təşkilat rəsmi statistika məlumatlarının toplanması, işlənməsi və yayılması ilə yanaşı, məlumatların təhlili və qərarların qəbulu üçün geniş tədqiqat işlərini də yerinə yetirir.
Büro 9 departamentdən və həmin departamentlərə daxil olan 44 şöbədən (bölmədən) ibarətdir.
Norveç statistikasında idarəetmənin əsas meyarları yeni strategiyaları qəbul və icra etmək, inkişaf üçün səyləri birləşdirmək, innovasiyanı dəstəkləmək, məsuliyyəti öz üzərinə götürmək, sistemin tədqiqini inkişaf etdirmək və hər bir işçinin əməyinin dəyərini qiymətləndirməkdir.
Büronun 2014-2017-ci illəri əhatə edən 3 əsas – Norveç statistikasının ümumi; kommunikasiya və informasiya texnologiyaları ilə bağlı inkişaf strategiyaları qəbul edilmişdir.
Beynəlxalq əməkdaşlıq vasitəsilə statistikanın inkişaf etdirilməsini əsas məqsədlərindən biri hesab edən Büroda bir sıra tədbirlər, o cümlədən digər ölkələrin statistika orqanları ilə əməkdaşlıq edilməsi və biliklərin artırılması; beynəlxalq statistikanın inkişafına yardım göstərilməsi; statistikaya qoyulan beynəlxalq tələblərin milli statistikaya təsirinin qiymətləndirilməsi və onlara riayət edilməsi; inkişaf etməkdə olan ölkələrin milli statistika sistemlərinin inkişaf etdirilməsi üçün uzunmüddətli institusional əməkdaşlığın həyata keçirilməsi; inkişaf məqsədli tərəfdaş ölkələrlə əməkdaşlıqdan daha çox fayda götürülməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Norveç MSB-də kommunikasiya ilə bağlı fəaliyyətdə əsas diqqət statistik imiclə bağlı sorğular keçirməklə cəmiyyətin rəyinin öyrənilməsinə və bununla əlaqədar müvafiq tədbirlərin görülməsinə; ictimaiyyətlə əlaqələrin genişləndirilməsinə; məlumat yayımının istifadəçi tələbatına uyğunlaşdırılmasına; məlumatlara əlçatanlığın artırılmasına; yeni yayım imkanlarının müəyyən olunması və yayım vasitələrinin artırılmasına; media nümayəndələri üçün treninqlərin təşkil olunmasına və s. yönəldilmişdir.
Büronun əsas üstün təcrübələrindən biri də məlumatların toplanmasında interaktiv göstəricilər sistemindən istifadə edilməsidir. Belə ki, respondentlər üçün müəyyən olunmuş göstəricilər standart hesabat forması üzrə deyil, aidiyyəti göstərici üzrə fərdi qaydada təqdim olunur.
Məlumat bazaları müntəzəm olaraq avtomatik rejimdə arxivləşdirilir və hər hansı bir məlumatın korlanması və itkisi zamanı arxivlər eyni rejimdə bərpa oluna bilir. Məlumat bazalarının klasterlə bölünməsi həyata keçirilmişdir.
Norveç MSB tərəfindən 400 adda statistik məhsul istehsal olunur. Büronun saytı 1995-ci ildən fəaliyyət göstərir və məlumatların yayımı sayt vasitəsilə həyata keçirilir. Yayım məlumatları təsnifləşdirilmiş, metaməlumatlar sisteminə inteqrasiya edilmişdir. Saytın strukturu sadədir, dinamikdir, istifadəçi üçün seçim imkanları yaradılmışdır.
Məlumatların yayılmasında standart statistik proqram paketlərindən – SAS, OLAP, Geo, Excell və s. istifadəyə üstünlük verilir.
Tədbir çərçivəsində Norveçdə əmək statistikasının təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir. Verilən məlumata görə Norveçdə əmək statistikasına dair məlumatlar Əmək bazarı statistikası şöbəsi və Gəlirlər və əmək haqqı statistikası şöbəsi tərəfindən hazırlanır və istifadəçilərə təqdim edilir.
Milli statistika təşkilatı müvafiq dövlət orqanları (vergilər, əmək və səhiyyə nazirlikləri) ilə birlikdə 2012-2015-ci illər üzrə Məşğulluq reyestrinin yaradılması məqsədilə statistik layihə həyata keçirmiş, layihəyə uyğun olaraq 2013-2014-cü illər ərzində sınaq və tətbiq prosesinin aparılması üzrə tədbirlər icra edilmişdir. Cari ildə isə muzdlu işçilər haqqında məlumatların sistemləşdirilməsi üzrə yekun nəticələr əldə edilmişdir.
Norveç statistikasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin əsas məqsədi rəsmi statistika çərçivəsində inkişaf etmiş və statistika sisteminin təkmilləşdirilməsini hədəf kimi qarşıya qoymuş ölkələrə dəstək verməkdən ibarətdir. Norveç statistikası bu ölkələrin statistika sistemlərinin inkişaf etdirilməsi və potensiallarının artırılması üçün institusional əməkdaşlıq çərçivəsində onlara köməklik göstərir. Qazaxıstanın statistika qurumu ilə iqtisadi statistika, inzibati məlumatlar və siyahiyaalma, Moldova və Qırğızıstanla statistik sistemin təkmilləşdirilməsi və institusional potensialın artırılması, e-məlumat, inzibati reyestr, Qətər, Sudan, Albaniya, Anqola, Uqanda, Pakistan, Çin, Cənubi Afrika Respublikası və s. ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.