Avropa Statistikləri Konfransının 64-cü plenar sessiyası keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (BMT AİK) təşkilatçılığı ilə 2016-cı ilin 26 aprel tarixində Parisdə dayanıqlı inkişaf məqsədləri kontekstində statistik və institusional potensialın möhkəmləndirilməsi məsələləri üzrə işçi müşavirə və 27-29 aprel tarixlərində Avropa Statistikləri Konfransının 64-cü plenar sessiyası keçirilmişdir.
Dayanıqlı inkişaf məqsədləri kontekstində statistik və institusional potensialın möhkəmləndirilməsi məsələləri üzrə işçi müşavirədə əsasən ekoloji - iqtisadi uçot sisteminin tətbiqi, dayanıqlı inkişaf məqsədləri üçün statistika və rəsmi statistika haqqında ümumi qanun barədə müzakirələr aparılmışdır. Müşavirədə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika sistemlərinin nümayəndələri, Avrostat və BMT AİK ekspertləri iştirak etmişlər.
Tədbirdə region ərazisində ətraf mühit statistikası və ekoloji - iqtisadi uçot sisteminin tətbiqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində ekoloji - iqtisadi uçot sisteminin tətbiqinin prioritetləri barədə müzakirələr aparılmışdır. Göstərilmişdir ki, ekoloji - iqtisadi uçot sisteminin tətbiqinə dəstək verilməsi Avrostatın əsas fəaliyyətlərindən biridir. Sistemin göstəricilərinin 17-dən 10-u dayanıqlı inkişaf məqsədlərinin göstəricilərinə daxildir. Bunlar əsasən ekoloji sahəyə aid göstəricilərdir.
Dayanıqlı inkişaf məqsədləri üçün statistika mövzusu ətrafında müzakirələrdə BMT Statistika Komissiyasının qərarının nəticələri üzrə sonrakı fəaliyyət və Avropa Statistikləri Konfransının fəaliyyət proqramı təqdim edilmişdir. Qeyd edilmişdir ki, ölkə ərazisində dayanıqlı inkişaf məqsədləri üzrə statistikanın düzgün tənzimlənməsi üçün partnyorluq sazişləri bağlanmalı və əməkdaşlıq genişləndirilməlidir.
27-29 aprel tarixlərində isə Avropa Statistikləri Konfransının 64-cü plenar sessiyası öz fəaliyyətinə başlamışdır. Plenar sessiyada 57 ölkənin milli statistika qurumlarının və 16 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. Konfrans zamanı əsasən strateji partnyorluq, rəsmi statistikanın modernləşdirilməsi üzrə yüksək səviyyəli qrupun işi, dayanıqlı inkişaf məqsədləri üçün statistika, rəsmi statistika əsasında coğrafi informasiya sahəsində xidmətlər, qlobal və beynəlxalq dəyişikliklər, BMT AİK tərəfindən regionda statistika fəaliyyətinin əlaqələndirilməsi, statistika haqqında ümumi qanun, BMT AİK tərəfindən təqdim edilən statistika proqramının müzakirəsi və digər aktual məsələlər müzakirəyə çıxarılmışdır.
Müzakirələrdə “Dayanıqlı inkişaf üzrə gündəlik – 2030” hədəflərinin yerinə yetirilməsinə statistik dəstək məsələsi də müzakirə edilmişdir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Hesabları çərçivəsində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün hazırlanmış Rəsmi statistika haqqında ümumi qanun müzakirə olunan sənədlər sırasında olmuşdur. Qanun əvvəlcədən bütün ölkələrə müzakirə üçün göndərildiyindən və irad və təkliflərin əksəriyyətinin nəzərə alınması səbəbindən konfrans tərəfindən qəbul olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, Avropa Azad Ticarət Assosiasiyası və BMT AİK tərəfindən hazırlanmış bu qanun ölkələrin milli qanunvericilik bazasının təkmilləşdirilməsinə dəstək verilməsi məqsədi ilə hazırlanmışdır.
Tədbirdə Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək Azərbaycan Respublikasında Rəsmi statistika haqqında qanunun qəbulundan, son dəyişikliklərdən, milli qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı gedən islahatlardan, Birləşmiş Millətlər Təşkilatının inkişaf hesabları layihəsi çərçivəsində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün hazırlanmış rəsmi statistika haqqında ümumi qanunun qəbulundan sonra qanuna uyğunlaşmaq istiqamətində ölkə perspektivləri barədə məlumat vermişdir.