AZ    EN
logo

2016-cı ilin 2-4 may tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunmuş istehlak qiymətləri indeksinə dair ekspert qrupunun sessiyasının yekunları

16.05.2016

Cari ilin 2-4 may tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası və Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil edilmiş istehlak qiymətləri indeksinə həsr olunmuş ekspert qrupunun sessiyasında Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə iştirak etmişdir. Sessiyada skan olunmuş məlumatların (ticarət obyektlərinin məlumat bazalarından əldə edilmiş məlumatların) istehlak qiymətləri indeksinə inteqrasiya olunması, internet üzərindən qiymətlərin müşahidəsi, istehlak qiymətləri indeksinin hesablanmasında ayrı-ayrı əhali qruplarının nəzərə alınması və hesablamaların coğrafi əhatəliliyi, metodoloji əsaslar, mənzil bazarında qiymət indekslərinin hesablanması, Beynəlxalq Müqayisələr Proqramı, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Əmək Təşkilatının birgə hazırladıqları “İstehlak qiymətləri indeksinin hesablanması: nəzəriyyə və təcrübə” metodoloji vəsaitin 2004-cü il versiyasının yenilənməsi üzrə məsələlər müzakirə predmeti olmuşdur.
İclasda Amerika Birləşmiş Ştatları, Avstriya, Fransa, İtaliya, Norveç, İsveç, İsveçrə, Finlandiya, Belçika, Böyük Britaniya, İrlandiya, İslandiya, Lüksemburq, Mərakeş, Niderland, Polşa, Serbiya, Sloveniya, Latviya, Estoniya, Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tailand, Avstraliya, Kanada, Meksika, Çili, Yaponiya, Çin, Yeni Zellandiya, Cənubi Afrika, İsrail milli statistika orqanlarının mütəxəssisləri, eləcə də Avropa Mərkəzi Bankı, Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, MDB Dövlətlərarası Statistika Komitəsi, Sakit Okean Birliyinin Katibliyi, Şərqi Afrika Statistika Tədris Mərkəzi, Tbilisi Dövlət Universiteti, Britaniya Kolumbiya Universiteti, Tokio Universitetinin nümayəndələri iştirak etmişdir. İclasda hər gün 4 sessiya keçirilməklə ümumilikdə 10 işçi sessiya təşkil olunmuşdur. İşçi sessiyalarının böyük əksəriyyəti skan olunmuş məlumatların istehlak qiymətləri indeksinə inteqrasiya olunmasına həsr edilmişdir. “Skan olunmuş məlumatlar”, “Qiymətlərin yığılmasının yeni metodları” mövzularında keçirilmiş təqdimatlar daha çox diqqət mərkəzində saxlanılmış və bu təqdimatlar üzrə iştirakçı ölkələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır. Mövzu ətrafında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi sessiya iştirakçılarının nəzərinə çatdırılmış və bu barədə təqdimatlar edilmişdir. Təqdimatlarda skan olunmuş məlumatların əldə olunması, qarşıya çıxan problemlər və onların həlli istiqamətində görülən tədbirlərə toxunulmuşdur. Seminarda müzakirə olunan növbəti məsələ mənzil bazarında qiymətlərin müşahidəsinə həsr olunmuşdur. Bu məqsədlə bir işçi sessiya keçirilmişdir. Sessiyada Polşa Mərkəzi Statistika İdarəsinin və İsveçrə Federal Statistika İdarəsinin hazırladıqları təqdimatlar seminar iştirakçılarının müzakirəsinə təqdim edilmişdir.
Sessiyada müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Müqayisələr Proqramına həsr edilmişdir. Sessiyada Cənubi Afrika ölkələrinin, Asiya ölkələrinin, Müstəqil Dövlətlər Birliyi ölkələrinin və Latın Amerikası ölkələrinin Beynəlxalq Müqayisələr Proqramı çərçivəsində həyata keçirdikləri işlər barədə məruzələr təqdim olunmuşdur. Bundan əlavə, BMT-nin Nyu-York şəhərində keçirilmiş 47-ci sessiyasında müzakirə olunan Beynəlxalq Müqayisələr Proqramının gələcək fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılmışdır.
Sessiyanın gündəliyində müzakirəyə çıxarılan məsələlərdən biri BVF-nun və BƏT-nın birgə hazırladıqları “İstehlak qiymətləri indeksi: nəzəriyyə və təcrübə” metodologiyasının 2004-cü il versiyasının yenilənməsi üzrə fikir mübadiləsinin aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim