AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibdə ilk iclası keçirilib

18.10.2016

2016-cı il oktyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilk öncə Azərbayacan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, müstəqil Azərbaycanın mükəmməl dövlətçilik strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük tarixi inkişaf yolu keçdiyini vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli qərarı ilə Statistika Şurasının tərkibinə dövlət orqanlarının, təhsil və elm müəssisələrinin, ictimai təşkilatların nümayəndələri ilə yanaşı, qeyri-hökumət və özəl sektorun, KİV nümayəndələri də daxil edilmişdir. Tahir Budaqov rəsmi statistikada istifadəçilərin tələblərinin maksimum dərəcədə nəzərə alınması və statistika sisteminin inkişafı ilə bağlı Statistika Şurasının verəcəyi məsləhətlərin xüsusi önəm daşıyacağına əmin olduğunu bildirib.

Sonra Dövlət Statistika Komitəsi Aparatının Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi”, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyevin “2017-ci il üçün statistik işlər proqramı” mövzusunda çıxışları dinlənilib.  

Şurada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə  Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanından irəli gələn vəzifələrlə bağlı Dövlət Statistika Komitəsi tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Müzakirə zamanı şura üzvləri bu tədbirin əhəmiyyəti, siyahıyaalmada inzibati mənbələrdən istifadə olunması, əhali arasında maarifləndirmənin aparılması və bununla əlaqədar KİV-lərin, sosial şəbəkələrin, qeyri-hökumət təşkilatlarının imkanlarından daha geniş istifadə edilməsi, məlumatların dəqiqliyinin təmin olunması məqsədilə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı öz rəy və təkliflərini bildiriblər.

            2017-ci il üçün Statistik işlər proqramı, onun məqsədi və əhəmiyyəti haqqında şura üzvlərinə məlumat verilərək bildirilib ki, rəsmi statistika məlumatlarının istehsalını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları, digər dövlət orqanları tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demoqrafik və ekoloji məlumatların toplanması, işlənməsi və yekunlaşdırılması üçün illik dövrilikdə tərtib edilən proqramın mühüm əhəmiyyəti vardır. Qeyd edilib ki, statistik işlər proqramında ölkə iqtisadiyyatının inkişafını hərtərəfli əks etdirən və makroiqtisadi göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyini təmin edən milli hesablar sisteminə dair məlumatların hazırlanması; əhalinin təbii hərəkəti, miqrasiyası və əhali sayının tərkibi ilə bağlı cari göstəricilərin hesablanması; təhsil, elm, mədəniyyət və hüquqpozmalar, əhalinin həyat səviyyəsi və yaşayış şəraiti, sənaye, tikinti, kənd təsərrüfatı, energetika, ticarət, xidmət və s. sahələr üzrə statistik məlumatların əldə edilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və respondentlərin üzərinə düşən statistik yükün azaldılması, keyfiyyətin idarə edilməsi və statistik metaməlumatlar üzrə sistemlərin və statistik vahidlərin dövlət reyestrinin təkmilləşdirilməsi ilə bağlı vəzifələr qarşıya qoyulub.

18.10.2016

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim