Dövlət Statistika Komitəsinin təmsilçiləri Astanada keçirilən beynəlxalq tədbirdə iştirak edirlər
Cari ilin 19-21 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə BMT-nin Xüsusi Proqramının (SPECA) statistikaya dair layihə işçi qrupunun 11-ci iclası keçirilir. İclasda SPECA proqramına dair rəsmi fəaliyyətlə yanaşı, statistik biznes reyestri üzrə beynəlxalq tövsiyələrin yerinə yetirilməsi və dayanıqlı inkişaf məqsədləri üzrə göstəricilərin tətbiqinə dair aktual məsələlər müzakirə olunur. İclas Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMT AİK), Avropa Azad Ticarət Assosiasiyası (AATA) və Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Avrasiya İqtisadi Komissiyası, Avropa Azad Ticarət Assosiasiyası və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nümayəndələri ilə yanaşı, tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın statistika təşkilatlarının rəhbər işçiləri və əməkdaşları qatılıblar. İclasda ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, Komitənin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov və Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov təmsil edirlər.
20.10.2016