Dövlət Statistika Komitəsinin nümayəndəsi Cenevrədə keçirilən iclasa qatılıb
29 noyabr - 1 dekabr tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatı tərəfindən yaradılmış İşçi qrupunun 3-cü iclası keçirilir. Məşğulluq statusuna dair beynəlxalq təsnifatın yenidən işlənib hazırlanması məqsədi ilə təşkil edilən görüşdə İşçi qrupunun üzvü, Azərbaycan respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə iştirak edir.
İclasda İşçi qrupuna üzv olan ölkələrin (ABŞ, Avstraliya, Argentina, Azərbaycan, Çili, Çin, Finlandiya, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Meksika, Cənubi Afrika, İsveçrə, Tunis, Uqanda və İngiltərə) milli statistika orqanlarının, 5 beynəlxalq təşkilatın (Avrostat, BƏT, Yaşayış və İş şəraitinin yaxşılaşdırılması üzrə Avropa Fondu (Avrofond), Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avstraliya və Almaniya Sahibkarlar Konfederasiyaları və Həmkarlar İttifaqlarının mütəxəssisləri təmsil olunurlar.
Tədbirin əsas məqsədi əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması ilə bağlı Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransı tərəfindən qəbul edilən qətnamədən irəli gələn yeni standartlar əsasında 1993-cü ildə qəbul edilmiş Məşğulluq statusuna dair beynəlxalq təsnifatın yenidən işlənməsi ilə əlaqədar işçi qrupunun ikinci iclasının yekunlarına dair hesabatın təsdiq edilməsi və təsnifatın yenidən işlənməsi istiqamətində müzakirələrin aparılmasıdır.