AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Banqkokda BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının Statistika Komitəsinin 5-ci sessiyasında və digər mühüm tədbirlərdə iştirak edib

16.12.2016

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2016-cı ilin 12-16 dekabr tarixlərində Tailand Krallığının paytaxtı Banqkok şəhərində səfərdə olub. Səfər zamanı Komitə sədri Tahir Budaqov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Statistika Komitəsinin 5-ci, BMT-nin Asiya və Sakit okean üzrə Statistika İnstitutunun Rəhbər Şurasının 12-ci sessiyalarında, Avropa Statistika Bürosu (Avrostat) və UNESCAP tərəfindən birgə təşkil edilən “Dayanıqlı inkişaf göstəricilərinin tələblərinə cavab vermək üçün statistika sistemlərinin gücləndirilməsi” seminarında iştirak edib.

 Tədbirlərdə regional statistikanın inkişafı, milli prioritetlərin dəstəklənməsi üçün regional əməkdaşlıq və qlobal statistik təşəbbüslər, 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik üzrə rəsmi statistikanın təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib.

5-ci sessiyada çıxış edən Komitə sədri Tahir Budaqov 2015-ci ilin sentyabr ayında BMT Baş Assembleyası tərəfindən qəbul edilmiş və Azərbaycanın da qoşulduğu “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” qətnaməsinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin oktyabr ayında imzaladığı müvafiq Fərmanla Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını bildirib. Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qlobal hədəflər əsasında müəyyən ediləcək milli prioritetlərə dair yeni göstəricilər üzrə statistik məlumatların toplanmasını təmin etmək məqsədilə Azərbaycanda zəruri tədbirlər həyata keçirilir. Dövlət Statistika Komitəsində 2016-cı  ilin yanvar ayının 1-dən Dayanıqlı inkişaf statistikası şöbəsi kimi yeni  struktur bölmənin yaradıldığını sessiya iştirakçılarının diqqətinə çatdıran Tahir Budaqov vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə 230 qlobal göstəricidən hazırda 70-i üzrə məlumatlar və onların metodologiyaları mövcuddur. Digər göstəricilər üzrə də məlumatların əldə edilməsinin vacibliyini qeyd edən Komitə sədri hazırlanmaqda olan “2018-2022-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsində bu məqsədlə müvafiq tədbirlərin nəzərdə tutulduğunu, eyni zamanda bir sıra sualların 2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasında tətbiq ediləcək siyahıyaalma vərəqinə daxil edilməsinin planlaşdırıldığını bildirib. Bununla yanaşı, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətlərinin, elmi dairələr və özəl sektorun da statistika potensialının artırılmasına töhfə vermələrinin vacibliyini diqqətə çatdırıb.

“Dayanıqlı inkişaf göstəricilərinin tələblərinə cavab vermək üçün statistika sistemlərinin gücləndirilməsi” mövzusunda seminarda Komitə sədri Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycan Respublikası milli statistika sisteminin qlobal qiymətləndirilməsi barədə təqdimatla çıxış edib. O, milli statistika sisteminin qiymətləndirilməsində Dövlət Statistika Komitəsinin əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşərək qlobal qiymətləndirmələrin məqsədi, əsas hədəfləri və prinsipləri, mərhələləri, eləcə də Dövlət Statistika Komitəsində keçirilmiş digər qiymətləndirmə missiyaları, bu missiyalardan sonra görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, statistika sisteminin qlobal qiymətləndirilməsi rəsmi statistika sisteminin inkişaf səviyyəsi ilə bağlı daha dəqiq məlumatların əldə edilməsinə və sistemin inkişafı üçün uzunmüddətli planlaşdırmada milli statistika orqanlarına yaxından köməklik edir. Bu baxımdan milli statistika sistemində baş verən institusional dəyişikliklər, beynəlxalq standartlara uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılması, keyfiyyət aspektləri və spesifik ehtiyacların qiymətləndirilməsi, strateji planlaşdırma üçün qlobal qiymətləndirmə əsas alətlərdən biri hesab olunur.

Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının Statistika Komitəsinin məsul şəxsləri və bir sıra ölkələrin milli statistika orqanlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verilib, son dövrdə milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək planlar haqqında müzakirələr aparılıb.

        

 16.12.2016

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim