Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Dekabrın 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə məlumatların dövlət qurumlarının hesabatvermə sistemlərinə inteqrasiya edilərək müntəzəm şəkildə açıqlanması (“EİTİ mainstreaming”) layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn məsələlərlə bağlı yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə statistik məlumatların işlənilməsində Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələr, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, statistik vahidlərin üzərinə düşən məlumat yükünün azaldılması üçün onlar tərəfindən müxtəlif dövlət orqanlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılması, inzibati vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazalarına inteqrasiyası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Dünya Bankının layihə rəhbəri Bəxtiyar Kərimov səmimi görüşə görə məmnunluğunu ifadə edib. O, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə məlumatların dövlət qurumlarının hesabatvermə sistemlərinə inteqrasiya edilərək müntəzəm şəkildə açıqlanması layihəsi barədə məlumat verib, ictimaiyyətin ölkədə baş verən sosial-iqtisadi hadisələr haqqında məlumatlandırılması məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin xüsusi önəm daşıdığını bildirib. Dünya Bankının ekspertləri Ənvər Ravat və Sridar Kannan da layihə üzrə qarşıda duran vəzifələr haqqında fikirlərini bölüşüblər.
Mədənçıxarma sənayesi ilə bağlı rəsmi statistikanın təşkilinə, məlumatların yayılmasına, müəssisələr tərəfindən hesabatların statistika orqanlarına elektron sənəd formasında təqdim edilməsinə, MHŞT üzrə məlumatların hökumətlərin hesabatvermə sistemlərinə inteqrasiya edilərək müntəzəm şəkildə açıqlanmasına, elektron arxivləşdirmə sisteminin formalaşdırılmasına dair geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ətrafında məsələlər müzakirə edilib.
22.12.2016