AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb

30.01.2017

 

Yanvarın 30-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko, Azərbaycan Nümayəndəliyinin Əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı və digərlərinin iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Öncə Navid Naqvini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyinatı münasibəti ilə təbriklərini çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi barədə ətraflı məlumat verib. Azərbaycan statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışan Tahir Budaqov Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA)   tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunan Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələr və nəzərdə tutulan tədbirlərdən bəhs edib. Komitə sədri davamlı iqtisadi inkişafa nail olunmasında və onun saxlanılmasında dəqiq statistikanın vacibliyini vurğulayıb, Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı ilə fəal əməkdaşlıq etdiyini qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi səmimi görüşə görə təşəkkürünü bildirib. O, Dövlət Statistika Komitəsinin Dünya Bankı ilə fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirdiyini qeyd edib. Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında prespektivlərdən danışan Navid Naqvi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bildirib.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində 2018-2030-cu illəri əhatə edən statistikanın inkişafı üzrə milli strategiyanın və orta müddətli fəaliyyət planının (2018-2022-ci illər) hazırlanması, Dövlətstatkomun kadr potensialının gücləndirilməsi  layihəsi müzakirə olunub.

30.01.2017

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim