Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreya Statistika Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Aprelin 3-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreya Statistika Komitəsinin nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycanla Koreyanın dostluq münasibətlərindən danışıb. Xüsusilə də son 10 ildə iki ölkə arasında əlaqələrinin inkişafının intensiv xarakter daşıdığını deyən Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti olan Azərbaycanın müxtəlif sahələrdə ciddi uğurlara imza atdığını bildirib. Tahir Budaqov Azərbaycanın statistika sistemi, onun təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində həyata keçirilən layihələr və qarşıdakı proqramlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verən Dövlət Statistika Komitəsinin dəvəti ilə ötən il Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi uğurla həyata keçirilib.
Koreya Statistika Komitəsinin nümayəndə heyətinin rəhbəri Jejeong Ryu səmimi görüşə görə minnətdarlığını ifadə edib. Dövlət Statistika Komitəsinin xarici ölkələrin statistika qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirib. Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında əlverişli prespektivlərdən danışan qonaqlar əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüblər.
Görüşdə Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında əməkdaşlıq məsələləri və “Milli statistika sistemində insan resurslarının inkişafı” (2017-2018-ci illər) və “Dövlət Statistika Komitəsinin statistik məlumat bazasının təkmilləşdirilməsi və metaməlumatlar sisteminin məlumat bazasına inteqrasiyasının təmin edilməsi” (2018 – 2020-ci illər) layihələri müzakirə olunub.
03.04.2017