Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq tədbir keçirilir
Mayın 30-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminar öz işinə başlayıb.
Beynəlxalq tədbirdə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun, MDB Dövlətlərarası Statistika Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Açılış mərasində çıxış edən Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov seminar iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl dövlətçilik siyasəti nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı Azərbaycanın geniş geosiyasi məkanda multikultural, sülh, tərəqqi, sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi böyük nüfuz qazanması bir daha təsdiqləyir. Tahir Budaqov Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyəli təşkilatçılığı ilə ev sahibliyi etdiyini vurğulayaraq, 12-22 may tarixlərində Bakıda idmançılarımızın qalibiyyəti ilə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının idmanın geniş təbliğində, eyni zamanda tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafında tarix yazdığını diqqətə çatdırıb. Komitə sədri Dövlət başcısının rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2016-ci il tarixli Fərmanının əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bildirilib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtlı-vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyub.
Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığını təmin etmək məqsədi ilə ciddi addımların atıldığını deyib. Bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlər görüb və qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır.
BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar bu tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üçün rəsmi statistikanın transformasiyası məsələlərinə həsr olunduğunu qeyd edib. Bildirilib ki, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə beynəlxalq tələblərə cavab verən statistik məlumatların hazırlanmasında milli statistika sistemlərinin yüksək rolu vardır və həmin məlumatların istehsalı milli statistika potensialının gücləndirilməsini, statistika sistemi daxilində milli statistika təşkilatlarının rolunun artırılmasını, əlavə mənbələr kimi inzibati, irihəcmli və geoməkan məlumatlarından geniş istifadə edilməsini zəruri edir.
Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli prioritetlərin müəyyən edilməsi, həmçinin milli səviyyədə sənədin təbliği olduqca vacibdir. Dayanıqlı İnkişaf Məqsədləri fərqli qurumlar - dövlət orqanları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq baxımından çox səmərəli platformadır.
Tədbirin 6 sessiyasında mövcud vəziyyət: qlobal və regional səviyyədə əldə olunan nailiyyətlər, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milli göstəricilər sistemi: cari vəziyyət və ehtiyaclar, milli və qlobal məlumatlar, statistik biznes proseslərin transformasiyası və müasirləşdirilməsi, çağırışlara adekvat cavab: statistik potensialın artırılması üçün imkanlardan istifadə, nəticələr və tövsiyələr mövzuları üzrə çıxışlar və iştirakçı ölkələrin təqdimatları nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb, kollektiv təşəbbüsə qoşularaq, ölkəmizi daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.
30.05.2017