AZ    EN
logo
image

2017-ci ilin ötən dövrü ərzində 20 statistik nəşr işıq üzü görüb

17.08.2017

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 2017-ci ilin ötən dövrü ərzində müxtəlif sahələrə həsr olunan 20 statistik nəşr cap olunub. Komitənin iş planına uyğun olaraq nəşr olunan çap materialları statistik bülleten, buklet və məcmuələri əhatə edir.

“Azərbaycan rəqəmlərdə” adlı qısa statistik məcmuədə 2011-2016-cı illər üzrə əhali, əmək, yeni iş yerləri, əhalinin həyat səviyyəsi, təhsil, səhiyyə və turizm, ümumi daxili məhsul, sənaye, ticarət, xarici ticarət, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ödənişli xidmət, iaşə, qiymət, maliyyə və kredit və digər sahələrin statistik göstəriciləri öz əksini tapıb.

“Azərbaycan-faktlar və rəqəmlər” bukletində 2015-2016-cı illəri əhatə edən əsas sosial-iqtisadi göstəricilər və bu sahələr üzrə qrafiklər yer alıb.

 “Azərbaycanın demoqrafik göstəriciləri” adlı statistik məcmuədə yaş və сinslər üzrə əhalinin sayı və tərkibi, əhalinin təkrar istehsalının ümumi göstəriсiləri, nikah və boşanmalar, doğum, ölüm (yaşlar, сinslər və ölümün səbəbləri üzrə), miqrasiya haqqında məlumatlar, həmçinin əsas demoqrafik göstəriсilərin digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisəsi verilib.

“Azərbaycanda qadınlar və kişilər” adlı statistik məcmuədə qadın və kişilərin sayı, cins və yaş üzrə bölgüsü, doğulanda gözlənilən ömür uzunluğu, ümumi nəsilvermə əmsalı, yaş qrupları üzrə ölüm əmsalları, nikah və boşanmalar, səhiyyə, təhsil və elmi kadrlar, məşğulluq və işsizlik, sosial təminat və s. haqqında statistik göstəricilər öz əksini tapıb. 

“Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə əhalinin yaş qrupları üzrə sayı, uşaqların cins və yaş üzrə bölgüsü, məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri, uşaq xəstəlikləri, ölüm, müalicəvi-profilaktik xidmətlər, sosial təminat, cinayətkarlıq haqqında statistik göstəricilər öz əksini tapıb. 

“Azərbaycan gəncləri” adlı statistik məcmuədə demoqrafik göstəricilər, sağlamlığın qorunması, təhsil, elm, məşğulluq, işsizlik, asudə vaxt, gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi və hüquqpozmalara dair məlumatlar öz əksini tapıb.

“Azərbaycanın kənd təsərrüfatı” adlı statistik məcmuədə əhali və ərazi, suvarılan torpaqlar, ümumi daxili məhsulun və kapital qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə bölgüsü, kənd təsərrüfatının ümumi məhsulu, əsas növ kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul istehsalı və məhsuldarlığı, mal-qara və quşların sayı, əsas növ heyvandarlıq məhsullarının istehsalı barədə məlumatlar əhatə olunub.

“Azərbaycanda tikinti” adlı statistik məcmuədə ölkə üzrə istifadəyə verilmiş mühüm əhəmiyyətli yeni müəssisələr və obyektlər, inşaat işlərinə yönəldilmiş ümumi investisiyanın, xarici və daxili mənbələrdən yönəldilmiş investisiyanın, xarici ölkələr üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri, ölkədə istifadəyə verilmiş yaşayış evləri, ümumi təhsil müəssisələri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri, məktəbəqədər təhsil müəssisələri, klublar və digər obyektlər haqqında məlumatlar öz əksini tapıb.

“Azərbaycanda nəqliyyat” adlı statistik məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində çalışan işçilərin sayı və əmək haqqı, ayrı-ayrı nəqliyyat növlərinin vəziyyətini xarakterizə edən digər əsas məlumatlar, habelə ölkənin regionları üzrə avtomobil nəqliyyatının işi və yollar haqqında məlumatlar əks olunub.

“Azərbaycanda telekommunikasiya və poçt” adlı statistik məcmuədə ATS-lərin sayı, onların ümumi tutumu, sabit şəbəkə telefonlarının sayı və telefon rabitəsinə dair digər göstəricilər ölkənin şəhər və kənd yerləri üzrə bölgüdə əks olunub. Məcmuə həmçinin ölkənin iqtisadi və inzibati şəhər və rayonları üzrə rabitə və poçt müəssisələrində çalışan işçilərin orta illik sayı, onların orta aylıq nominal əmək haqqı və digər göstəriciləri də əhatə edir.

“Əmək bazarı” adlı statistik məcmuəyə ölkənin əmək bazarını xarakterizə edən əmək ehtiyatları, iqtisadiyyatın fəaliyyət növləri üzrə məşğul olan əhalinin sayı, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, işsizliyin səviyyəsi, əmək haqqı, işçi qüvvəsinə çəkilən xərclərin dəyəri, kadrların peşə hazırlığı və əmək bazarına dair göstəricilər daxil edilib.

“Yeni iş yerləri” adlı statistik məcmuədə 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkədə yaradılan yeni, o cümlədən daimi iş yerlərinə dair bütün məlumatlar açıqlanıb.

“Azərbaycanda ticarət” adlı statistik məcmuəyə pərakəndə və topdan satış ticarət dövriyyəsinə və əmtəə ehtiyatlarına dair əsas göstəricilər daxil edilib. Göstəricilər ölkənin ərazi bölgələri, mülkiyyət formaları, əmtəə növləri üzrə əks etdirilib.

“Azərbaycanın xarici ticarəti” adlı statistik məcmuədə Azərbaycan Respublikasının 2011-2016-ci illərdə xarici dövlətlərlə ticarət əlaqələrinə, o cümlədən ölkələr üzrə ticarət dövriyyəsinin, idxal və ixracın həcminə, tərəfdaş ölkələrin xüsusi çəkisinə, əməliyyat növləri üzrə idxal və ixracın həcminə, ölkə qrupları üzrə ticarət dövriyyəsinin, idxal və ixracın həcminə, ticarət əlaqələrinin, idxal və ixracın coğrafi quruluşuna, nəqliyyat növləri üzrə idxal və ixracın həcminə, idxal və ixracın əmtəə strukturuna, mühüm növ məhsulların idxal və ixracına dair göstəricilər əks olunub. Bu göstəricilər Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.

“Azərbaycanda ərzaq balansları” adlı statistik məcmuədə bitkiçilik, heyvandarlıq və sənaye emalından keçmiş ərzaq məhsullarının ehtiyatları və istifadələri, özünütəminetmə və idxaldan aslılıq səviyyəsini xarakterizə edən statistik məlumatlar və metodoloji izahlar əks olunub.

 “Dövlət qulluqçuları” adlı statistik məcmuədə 2005-2016-cı illərdə ölkə və iqtisadi rayonlar üzrə dövlət qulluçularının sayı, ixtisas dərəcəsi, orta aylıq əmək haqqı və digər göstəricilər əks edilib.

“Azərbaycanda qiymətlər” adlı statistik məcmuədə istehlak məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin orta illik qiymətləri, sənaye, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin səviyyəsi və dinamikası, nəqliyyat, poçt və telekommunikasiya xidmətlərinin, tikinti sahəsində qiymətlərin, həmçinin idxal və ixrac olunan məhsulların qiymətlərinin səviyyəsi və dinamikasına dair məlumatlar əks olunub.

“Azərbaycanda ödənişli xidmətlər” adlı statistik məcmuədə iqtisadi və inzibati rayonlar üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri, strukturu, əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin dəyəri, fiziki həcm indeksləri, məişət xidmətlərinin dəyəri, strukturu və s. məlumatlar əks olunub.

 “Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar” adlı statistik məcmuədə Azərbaycan Respublikasının hüquq-mühafizə sisteminin fəaliyyətinin nəticələrini ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəricilər verilib. Bu göstəricilər Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və prokurorluq orqanlarının məlumatları əsasında hazırlanıb.

Bununla yanaşı,  məlumatların vizual şəkildə, qısa  müddətdə  başa düşülməsini təmin etmək üçün Dövlət Statisika Komitəsi tərəfindən istifadəçiləri daha çox maraqlandıran əsas statistik  göstəriciləri qrafiklərlə əks etdirən “İnfoqrafika” da nəşr olunub.

İstifadəçilər statistik nəşrlərin elektron versiyalarını Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən (www.stat.gov.az) də əldə edə bilərlər.

 

17.08.2017

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim