Statistika Komitəsinin bir qrup əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub
Sentyabrın 27-də Dövlət Statistika Komitəsində Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə təltif olunan Komitənin bir qrup əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkə başçısının sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Komitə əməkdaşlarını bir daha təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Komitə sədri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir dövlət qulluğu sisteminin qurulması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda gördüyü əvəzsiz fəaliyyətindən danışıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi, dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri formalaşdırılıb. Bu mühüm sənəd kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Vurğulanıb ki, ölkəmizdə dövlət qulluqçularının peşəkarlığının artırılması məsələsi daim diqqət mərkəzində saxlanılır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri keyfiyyətləri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir.
Sonra çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradıldığını qeyd ediblər.
Sonda Dövlət Statistika Komitəsinin 6 əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.