AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir

20.10.2017

15-20 oktyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdə olmuşdur.

Almaniya Federal Statistika İdarəsinin prezidentinin dəvəti ilə baş tutan səfərin əsas məqsədi “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federal Statistika İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcək inkişaf perspektivlərinin və layihə çərçivəsində əldə edilmiş nəticələrin müzakirə edilməsi idi.

Dövlət Statistika Komitəsinin nümayəndə heyətinin səfəri Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayterin fəaliyyət müddətinin başa çatması ilə əlaqədar təşkil olunan rəsmi vida mərasiminə qatılmaqla başlayıb. Diter Sarrayter 2016-cı ilin 27 yanvar tarixində Tvinninq layihəsinin təqdimatı ilə əlaqədar Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini böyük məmnunluqla xatırlayıb.

Səfər zamanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Almaniya Federal Statistika İdarəsinin yeni prezidenti Dr. Georq Tiel ilə görüşüb. Yeni təyinatı münasibətilə Georq Tieli təbrik edən Komitə sədri ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan və Alman xalqları arasında əlaqələrin tarixiliyi və Azərbaycanda alman irsinin mövcud olması iki ölkə arasında humanitar sahədə münasibətlərin dinamik inkişafı üçün əlverişli zəmin yaradır. Müzakirələr zamanı iki ölkənin statistika qurumları arasında mövcud əlaqələrdən də söhbət açılıb. Qeyd edilib ki, iki ölkənin müvafiq qurumları - Dövlətstatkom ilə Destatis arasında əməkdaşlıq əlaqələri Avropa İttifaqının Tvinninq və TAİEX layihələri çərçivəsində də uğurla davam etdirilir. Artıq yekunlaşmaq üzrə olan Avropa İttifaqının “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin icra vəziyyəti barədə məlumat verilib. Almaniya, Bolqarıstan, Çexiya, Sloveniya, Latviya, Xorvatiya və Niderlandın statistika orqanlarının cəlb olunduğu bu layihə Azərbaycanın statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına töhvə verdiyi xüsusi vurğulanıb. Almaniya Federal Statistika İdarəsinin prezidenti Georq Tiel isə öz növbəsində təbrikə görə təşəkkürünü bildirib. Almaniya Federal Statistika İdarəsi ilə Dövlət Statistika Komitəsi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına toxunan Georq Tiel Tvinninq layihəsinin icrası ilə əlaqədar əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib. Görüşdə iki ölkənin statistika qurumları arasında bir sıra məsələlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndələrinin Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin rəsmiləri ilə də görüşü keçirilib. Görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni və bir sıra digər sahələrdə olan mövcud əlaqələrdən danışılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə əldə edilən uğurlar və iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Azərbaycanda bütün sahələrdə, o cümlədən statistika sistemində genişmiqyaslı islahatların və təkmilləşdirmə işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfər zamanı Destatis Məlumat Mərkəzi, Visbaden və Berlin şəhərlərində yerləşən statistika idarələrinin fəaliyyətləri ilə tanışlıq da olub. Məlumat mərkəzi və statistika idarələrində ərazi üzrə sosial - iqtisadi vəziyyətə, respondentlərin statistik uçota cəlb edilməsi və statistik müayinələrin aparılması metodikasına dair ikitərəfli müzakirələr aparılıb. Görüşlərdə Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş, tolerant, multikultural mövqeyi xatırlanıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim