AZ    EN
logo

Əhalinin 2009-cu il siyahıyaalınması ilə bağlı ilk beynəlxalq seminar

07.11.2006


2006-cı il oktyabr ayının 30-dan noyabr ayının 3-dək Bakı şəhərində Crescent Beach Hotel mehmanxanasında Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən "Əhalinin və mənzil şəraitinin siyahıyaalınması" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Tədbirdə Azərbaycan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan respublikalarının rəsmi statistika orqanlarının mütəxəssisləri və Birləşmiş Millətlər Təşkilatının müxtəlif ölkələrdən dəvət etdiyi beynəlxalq ekspertlər iştirak etmişlər. Seminarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsini Əhalinin siyahahıyaalınması şöbəsinin əməkdaşları təmsil etmişdir.
Seminarın keçirilməsində əsas məqsəd Birləşmiş Millətlər Təşkilatının tövsiyyələrinə uyğun olaraq 2009-2011-ci illərdə dünya ölkələrində aparılması nəzərdə tutulan əhali və mənzil şəraiti siyahıyaalmalarının planlaşdırılmasını, keçirilməsini, eləcə də onun demoqrafik, coğrafi, iqtisadi, miqrasiya, etnik-mədəni və digər əlamətlər üzrə yekunlarının bundan əvvəlki siyahıyaalmanın göstəriciləri ilə regional və beynəlxalq miqyasda müqayisəliliyini təmin etməkdən ibarət olmuşdur.
Mühüm dövlət tədbiri olmaqla hər 10 ildən bir keçirilən əhali siyahıyaalınmasının uğurla başa çatdırılması bu sahədə hazırlıq tədbirlərinin, onun proqramının keyfiyyətindən və siyahıyaalmanın aparılmasına müvafiq səriştəsi olan kadrların cəlb edilməsindən asılı olması nəzərə alınaraq seminarda həmin məsələlərin müzakirəsinə xüsusi diqqət yetirilmişdir.
Qeyd etmək lazımdır ki, bu seminar SPECA (Mərkəzi Asiya ölkələri üçün Xüsusi İqtisadi Proqram) çərçivəsində keçirilən ilk tədbir olmuş və qarşıdakı dövrdə ayrı-ayrı ölkələrdə belə seminarların keçirilməsi nəzərdə tutulmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim