Dövlət Statistika Komitəsi İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 7-ci sessiyasında təmsil olunur
2-3 may tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 7-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının rəhbəri Cabbar Musayev iştirak edir.
Sessiya zamanı əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il raundu üzrə görülmüş işlər, vətəndaş qeydiyyatı məlumatları da daxil olmaqla demoqrafiya və miqrasiya üzrə rəsmi statistika məlumatlarının istehsalı və yayılması ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə məlumatların hazırlanması sahəsində milli prioritetlərə, İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyası üçün yeni strateji baxışın formalaşdırılmasına, Beynəlxalq Statistika İnstitutunun 62-ci Dünya Statistika Konqresinin işinə dair məsələlər müzakirə olunacaq.
Tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndəsi təqdimatla çıxış edərək 2019-cu ildə Azərbaycan Respublikasında keçiriləcək əhalinin siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına hazırlıq üzrə görülən işlər barədə məlumat verəcək, Dövlət Statistika Komitəsinin bu sahədə əldə etdiyi təcrübəni sessiya iştirakçıları ilə bölüşəcək.