AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunub

07.05.2018

Mayın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Bütün ömrünü xalqa həsr etmiş ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri və ən başlıcası uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır.

Tahir Budaqov xüsusi vurğulayıb ki, ulu öndər Heydər Əliyev müdrikliyi, onun təkcə dövrünün qayğı və problemləri ilə yaşamaması, zamanı qabaqlayaraq irəlini görməsi, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirməsindədir. Dahi rəhbərin müəyyən etdiyi siyasi kursu xalqımız yekdilliklə dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və bayraqdarı, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən Prezident cənab İlham Əliyevə etibar edib. 2018-ci ilin 11 aprelində xalqımız tərəfindən səbirsizliklə gözlənilən şanlı və tarixi seçim Azərbaycanın getdikcə artan siyasi nüfuzunun növbəti parlaq qələbəsi və Heydər Əliyev siyasətinin uğurlu təntənəsidir. Bir həqiqətdir ki, Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində ciddi uğurlar əldə edilib, xalqımız və dövlətimiz üçün, sözün əsl mənasında, taleyüklü sayılan, həyat əhəmiyyətli transmilli layihələr reallaşıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi Azərbaycanın hər guşəsində, eləcə də azərbaycanlıların yaşadıqları xarici ölkələrdə böyük təntənə ilə qeyd olunmaqdadır. Bu tədbirlər tarixi şəxsiyyət olan Heydər Əliyevin misilsiz xidmətlərinə qədirbilən xalqımız tərəfindən verilən qiymətin, sonsuz ehtiram və sevginin, inamın təzahürüdür.

Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov, İnformasiya texnologiyaları şöbəsinin sistem təminatı və texniki xidmət sektorunun müdiri Səyavuş Əhmədov, Kənd təsərrüfati statistikasi şöbəsinin aparıcı məsləhətçisi Aygün Məmmədova  öz çıxışlarında ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən strategiyasının Azərbaycanı böyük perspektivlərə doğru apardığını, ulu öndərin əbədiyaşar ideyaları ətrafında sıx birləşən xalqımızın daim yeni-yeni zəfərlərə imza atacağını vurğulamışlar.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Komitə gəncləri arasında keçirilmiş mini futbol üzrə ənənəvi idman turnirinin qalibləri mükafatlandırılıb.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi olunması ilə başa çatıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim