Dövlət Statistika Komitəsi ilə FAO arasında əməkdaşlıq məsələləri genişləndirilir
4-5 dekabr tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında birgə texniki əməkdaşlıq çərçivəsində FAO-nun cavabdeh olduğu bütün DİM göstəricilərinə dair məlumatların istehsalı, onların beynəlxalq müqayisəliliyin təmin edilməsi, metodologiyalar və göstəricilər üzrə məlumatların əldə edilməsi üçün zəruri qarşılıqlı əlaqələrin yaradılması məsələlərinə həsr edilən tematik seminar keçirilib.
“Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutan seminarda Dövlət Statistika Komitəsinin məsul əməkdaşları ilə yanaşı, inzibati məlumat təchizatçıları qismində təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Seminar çərçivəsində FAO-nun eksperti Rikardo Biankalani tərəfindən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə qarşıya qoyulan məqsəd və hədəflərə milli səviyyədə nail olunması ilə əlaqədar “6.4.1 Sudan istifadə səmərəliliyinin dəyişməsinin dinamikası” və “6.4.2 Su ehtiyatlarına düşən yükün səviyyəsi: götürülmüş şirin suyun mövcud şirin su ehtiyatlarına faiz nisbəti” adlı göstəricilər üzrə statistik məlumat istehsalının bütün metodoloji aspektlərindən bəhs edən praktiki məşğələlər təşkil edilib.
İki gün davam edən praktiki məşğələlərdə əldə olunan texniki biliklər sözügedən göstəricilər üzrə aktual, əlçatan, keyfiyyətli və etibarlı məlumatların toplanması, reprezentativ məlumat istehsalı və məlumat mübadiləsi sahəsində statistika potensialının artırılmasına böyük tövhə verəcək.