AZ    EN
logo
image

Əhalinin siyahıyaalınması və statistik tədqiqatlarda onun əhəmiyyəti

02.05.2019, 17:53

Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması cari il oktyabrın 1-10-da keçiriləcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət statistika Komitəsinə həvalə edilib. AZƏRTAC əhalinin siyahıyaalınmasının əhəmiyyətini nəzərə alaraq Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyevin məqaləsini təqdim edir.

Əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Əhalinin siyahıyaalınması və onun inkişafı əhalinin sayı, yerləşməsi və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənirdi. Əhalinin siyahıyaalınmasının müasir tarixində üç mərhələni qeyd etmək olar.

Birinci mərhələdə (XVIII əsrin sonu - XIX əsrin birinci yarısı) siyahıyaalmaların təşkili və onların proqramlarının müəyyənləşdirilməsi üçün əsaslar qoyulub. Bu dövrdə əhalinin siyahıyaalınması hər 10 ildən bir Birləşmiş Ştatlar və İngiltərədə, hər 5 ildən bir Fransa və İsveçdə, 3-4 ildən bir Avstriyada müntəzəm şəkildə, Danimarka, İslandiya, Norveçdə, eləcə də bəzi ərazilərdə, əsasən ABŞ-ın müstəmləkələrində qeyri-müntəzəm şəkildə keçirilib. Bu siyahıyaalma məhdud sayda əlamətləri nəzərə almaqla, bütün əhalini əhatə etmirdi və onların materiallarının işlənməsi bir çox illər çəkirdi.

İkinci mərhələdə (XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı) əhali siyahıyaalmaları Avropanın və Amerikanın bütün ölkələrində, bəzi Asiya və Afrika ölkələrində başlayıb. Tədricən nəzəri-metodoloji materiallar inkişaf etdirilib və əhalinin siyahıyaalınması təcrübəsi təkmilləşdirilib, yeni göstəricilər daxil edilib, əhalinin siyahıyaalınması proqramları, eləcə də onların emalı proqramları genişləndirilib. Əhalinin siyahıyaalınması üzrə növbəti təkmilləşdirmə 1846-cı ildə Belçikada keçirilən siyahıyaalma ilə bağlıdır və əhali siyahıyaalınmasının müasir anlayışına keçidi təmin edirdi. İlk dəfə olaraq birgünlük olmaqla yalnız mövcud əhalini nəzərə alırdı. Bu ərəfədə siyahıyaalmanın təşkili forması təkmilləşdirildi. Xüsusi siyahıyaalma blankları və onların doldurulması təlimatı hazırlandı, nəzərdə tutulan əlamətlər üzrə, xüsusən yaş və məşğulluqla bağlı suallar konkretləşdirildi. Əhalinin siyahıyaalınması proqramında yenilik ümumi demoqrafik xüsusiyyətlərlə, savadlılıq, təhsil, miqrasiya, doğum və ölüm, əhalinin sosial-iqtisadi xüsusiyyətləri (məşğulluq, iş yeri və sair) ilə bağlı idi. Bundan əlavə siyahıyaalma mövcud əhali üzrə deyil, daimi əhali üzrə, yaxud eyni vaxtda hər iki kateqoriya üzrə aparılmağa başlandı. Siyahıyaalmaların təşkilinin təkmilləşdirilməsində beynəlxalq statistik konqreslərin rolu böyük əhəmiyyət kəsb etməyə başladı. 1853-cü il konqresinin Brüssel sessiyasında əhalinin siyahıyaalınmasının aparılması üçün əsas qaydalar hazırlandı. Konqresin sonrakı sessiyalarında bu qaydalar dəqiqləşdirildi, müzakirə edildi və 1872-ci ildə Sankt-Peterburq sessiyasında vahid formaya gətirildi. Məhz həmin vaxt əhalinin siyahıyaalınmasının təşkili üçün əsas prinsiplər hazırlanıb ki, bu da demək olar ki, indiyədək əhəmiyyətini qoruyub saxlayır. Əhalinin siyahıyaalınmasına dair tövsiyələrin daha da inkişaf etdirilməsi Beynəlxalq Statistika İnstitutu, BMT-nin Statistika Komissiyası tərəfindən həyata keçirilib.

Üçüncü mərhələ (XX əsrin ortalarından) əhali haqqında məlumata olan tələbatın artması ilə şərtlənirdi. Əhalinin siyahıyaalınması bir sıra Asiya ölkələrində, eləcə də yeni müstəqil dövlətlərin yaranması ilə bağlı Afrikada aparılmağa başlandı. 70-ci illərdə Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Əfqanıstan kimi ölkələrdə ilk dəfə siyahıyaalma aparılıb. XX əsrin sonuna qədər əhalinin siyahıyaalınması demək olar ki, dünyanın bütün əhalisini əhatə edib. İnkişaf etmiş ölkələrdə vətəndaşlar qanuna tabe olur və əhalinin siyahıyaalınması hər kəsin vətəndaşlıq borcu kimi səciyyələndirilir. Siyahıyaalma zamanı kifayət qədər təcrübə toplanıb: siyahıyaalmanın aparılmasında istər universal üsullar, istərsə də müxtəlif dövlətlərin siyasi sisteminə, etnik tərkibinə və digər xüsusiyyətlərinə aid konkret aspektlər mövcuddur. Əhalinin siyahıyaalınmasına hazırlıq zamanı, digər ölkələrdəki oxşar kampaniyaların təşkili və keçirilməsi təcrübəsinə müraciət hər zamankından daha vacibdir: burada əsas amil səhvlərin təkrarlanmasından qaçmaq və mümkün problemlərin effektiv həllinı tapmaq arzusu ilə bağlıdır.

Dünyanın bir çox ölkələri üçün statistik tədqiqatların aparılmasına dair yeni müasir alternativ yanaşmaların olmasına baxmayaraq, demoqrafik və sosial göstəricilər üzrə əhalinin vəziyyəti haqqında məlumatların yeganə və dəqiq məlumat mənbəyi hər bir vətəndaşın sorğusuna əsaslanan ənənəvi və geniş miqyaslı əhali siyahıyaalmasıdır.

Əhalinin siyahıyaalmasının tam və hərtərəfli tərifi BMT-nin Statistika Komissiyası tərəfindən verilib. Bu tərifə əsasən, əhalinin siyahıyaalınması “zamanın müəyyən bir vəziyyətinə ölkədə olan bütün şəxslərə və ya ölkənin dəqiq müəyyən edilmiş hissələrinə aid olan demoqrafik, iqtisadi və sosial məlumatların toplaması, yekunlaşdırılması, qiymətləndirməsi, təhlili, nəşri və ya başqa şəkildə yayılmasının vahid prosesidir”. Bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair haqqında mühakimə yürütməyə, müəyyən problemləri daha effektiv şəkildə həll etməyə imkan verir. Demək olar ki, cəmiyyətin demokratik inkişaf dərəcəsi, ölkə daxilində vətəndaş qurumlarının inkişaf səviyyəsi əhalinin siyahıyaalınmasında öz əksini tapır. Bu səbəbdən müntəzəm şəkildə aparılan əhali siyahıyaalmaları demokratik cəmiyyətin ən mühüm əlamətlərindən biri hesab olunur. Bu isə cəmiyyəti təşkil edən bütün sosial qrupların maraqlarını əks etdirməklə onu nəzərə almağı təmin edir.

BMT dünyanın bütün ölkələrinə “Üçüncü minilliyin ərəfəsində əhalinin siyahıyaalınmasının aparılmasına dair təkliflər”ni göndərərək bu tədbirin hər 10 ildən bir həyata keçirilməsini tövsiyə edib. Məlumdur ki, on il ərzində cəmiyyətdə əhalinin siyahıyaalınması metodlarının effektivliyini əhəmiyyətli dərəcədə azaldan mühüm dəyişikliklər baş verir. Bu səbəbdən, müasir sosial və davranış amillərini nəzərə alaraq, anketlərin məzmununa, məlumatların toplanması və emalı metodikasına düzəlişlərin edilməsi tələb olunur. Siyahıyaalma aparılmadan əvvəl əhali ilə əhatəli iş aparılır. Əsas məqsəd əhalinin siyahıyaalınmasının faydalı, zəruri tədbir olduğunu göstərmək və inandırmaqdır.

Siyahıyaalma hər bir ölkənin milli statistikasının əsasını təşkil edir, istər regional, istərsə də qlobal səviyyədə demoqrafik və sosial vəziyyət barədə ən vacib məlumat mənbələrindən biri hesab edilir. Dünyanın inkişaf etmiş ölkələrində əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş səmərənin onun yerinə yetirilməsi xərcindən artıq olması qənaəti təsdiqlənib. Bundan əlavə, siyahıyaalma cəmiyyətin siyasi həyatı üçün bir növ stimuldur və ictimai resursların ədalətli istifadəsinə, paylanmasına yardım edir.

Dünyanın demək olar ki, bütün ölkələrində mövcud olan statistika haqqında qanuna əsasən, siyahıyaalma zamanı toplanan bütün məlumatlar statistik məqsədlər üçün istifadə olunur. Hər bir şəxs haqqında əldə edilən məlumat hər hansı təşkilat və ya fərdi şəxsə verilə bilməz. Müxtəlif ölkələrin siyahıyaalma üzrə anket forması çox oxşardır. Dövlətin sosial proqramlarını həyata keçirmək üçün anketə müvafiq suallar daxil edilir. Bununla yanaşı, hər bir ölkə siyahıyaalmaya hazırlıq işləri və əhali ilə işləməyin üsulları üzrə mexanizmi cəmiyyətin ənənələrini nəzərə alaraq tərtib edir.

Müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999–cu ildə keçirilib. Müasir dövrdə əhalinin siyahıyaalınmasının aktuallığı qabaqcıl monitorinq tədqiqatı kimi dünyanın bütün bölgələrində əhalinin sürətli artımı ilə səciyyələnir. Ölkənin sosial-iqtisadi proseslərinin idarə edilməsi ilk növbədə əhali haqqında keyfiyyətli informasiya təminatını tələb edir. Hər bir ölkə öz ehtiyatları haqqında məlumata malik olmalıdır. Bu baxımdan əhalinin sayı, onun tərkibi, keyfiyyət göstəriciləri mühüm strateji ehtiyat hesab edilir. Əhalinin siyahıyaalınması əhalinin hərtərəfli xüsusiyyətlərini əks etdirməklə cəmiyyətin inkişafının bütün sahələrinin tənzimlənməsi, sosial-iqtisadi proqramların işlənməsi və reallaşdırılması üçün zəruri olan mühüm məlumat mənbəyidir. Məhz əhali siyahıyaalması demoqrafları, iqtisadçıları, sosioloqları, digər mütəxəssisləri, habelə dövlət qurumları və digər müvafiq təşkilatları əhali, onun sayı və tərkibi haqqında lazım olan məlumatlarla təmin edir. Siyahıyaalma məlumatları hökumət tərəfindən təhsil və səhiyyə sistemində, məşğulluğun planlaşdırılmasında, elektrik enerjisinin bölgüsündə, nəqliyyat infrastrukturunun düzgün inkişaf etdirilməsində, yaşayış evlərinin tikintisinin planlaşdırılmasında adekvat qərarların qəbul edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, əhalinin siyahıyaalınması nəticəsində ölkədə yaşayan ayrı-ayrı şəxslər haqqında bir sıra əlamətlər üzrə məlumat toplanır. Lakin ölkənin əhalisi haqqında toplanılmış bu ilkin məlumat işlənməzsə, sistemə salınmazsa heç bir nəticə çıxarmaq olmaz. Ölkə əhalisini bu məlumat əsasında xarakterizə etmək üçün həmin məlumatı sistemləşdirmək və əhalinin sayını bir sıra əlamətlər üzrə qruplaşdırmaq, yəni yekun məlumat əldə etmək lazımdır. Məsələn, ayrı-ayrı regionların, rayonların və bütün ölkədəki əhalinin sayını, kənd və şəhər əhalisinin sayını, əhalinin yaş qrupları üzrə sayını, kişi və qadınların sayını və sair müəyyən etmək lazımdır. Ancaq belə məlumat əsasında ölkənin əhalisi haqqında aydın təsəvvür əldə etmək mümkündür.

Əhali bilavasitə istehsal prosesinin iştirakçısı (əmək qabiliyyətli hissəsi) və onun nəticələrinin istehlakçısı olduğuna görə müasir dövrdə əhali dedikdə hərtərəfli tədqiqat obyekti başa düşülür. Belə ki, əhalinin, onun həyat keyfiyyətinin, cəmiyyətdə baş verən proseslərin statistik tədqiqinə maraq artmaqda davam edir. Statistikada tədqiqatın predmeti kimi əhali müəyyən ərazidə yaşayan, doğum və ölüm hesabına fasiləsiz olaraq yenilənən əhali məcmusu kimi səciyyələnir. İstənilən ölkənin əhalisi öz tərkibinə görə yekcins deyil və zamana görə dəyişir. Bu səbəbdən əhalinin inkişaf qanunauyğunluqları, onun tərkibinin dəyişməsi və bir çox digər xarakteristikalar konkret tarixi şərtlər nəzərə alınmaqla tədqiq olunur.

Statistik tədqiqatda istər müşahidə vahidi, istərsə də müşahidə obyekti iştirak edə bilər. Statistik tədqiqatın müşahidə vahidi ayrıca fərdlər yaxud ailə ola bilər. 1999-cu ildən etibarən əhalinin siyahıyaalınmasında yalnız ailə deyil, beynəlxalq təcrübədə olduğu kimi, həmçinin, ev təsərrüfatı nəzərə alınır. Ailədən fərqli olaraq ev təsərrüfatı dedikdə birgə yaşayan və ümumi təsərrüfat aparan insanlardan (qohumluq əlaqəsi vacib hesab edilmir) ibarət olan sosial-iqtisadi özək başa düşülür. Ailədən fərqli olaraq ev təsərrüfatı maddi cəhətdən özünü təmin etməklə bir nəfərdən də ibarət ola bilər. Statistik tədqiqatın müşahidə obyekti müxtəlif əlamətlər üzrə formalaşa bilər: bütövlükdə əhali (daimi yaxud mövcud), əhalinin ayrı-ayrı qrupları (əmək qabiliyyətli əhali, işsizlər, təqaüdçülər, şəhər yaxud kənd əhalisi, kişi yaxud qadın və sair), gənc ailələr yaxud, əksinə yaşlılar, il ərzində (yaxud digər dövrdə) doğulanlar yaxud ölənlər və sair. Müşahidənin obyekti və vahidi tədqiqatın məqsədindən asılı olaraq müəyyən edilir. Statistik tədqiqatın əsas informasiya mənbəyini əhali siyahıyaalınması materialları təşkil edir. Əhalinin sayı haqqında burada daha tam və dəqiq məlumat mövcud olur. Sonuncu siyahıyaalma məlumatlarından istifadə etməklə doğulanlar, ölənlər, ölkəyə daxil olan və ölkədən gedənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir. Demoqrafik və sosial sahədə digər mühüm məlumatları əldə etmək üçün adətən seçmə müşahidələr təşkil olunur. Əhali üzrə aparılan hər bir statistik müşahidə əsasında müxtəlif məsələləri həll etmək olur. Bütövlükdə əhali statistikasında əsas aşağıdakı məsələləri qeyd etmək olar:

• əhali sayının müəyyən edilməsi və onun ölkə ərazisi üzrə bölgüsü;

• əhalinin tərkibinin öyrənilməsi (cinsinə, yaşına, milli mənsubiyyətinə, sosial vəziyyətinə, təhsilinə, məşğulluğuna və sairə görə);

• əhalinin təbii hərəkətinin öyrənilməsi (doğum, ölüm, əhalinin təbii artımı);

• əhali miqrasiyasının öyrənilməsi.

Əhalinin siyahıyaalınması məlumatlarından, həmçinin əmək bazarının tədqiqində geniş istifadə olunur. Mövcud məlumatlardan istifadə etməklə, hazırlanmış metodologiyaya müvafiq olaraq, seçmə nümunələr elmi əsaslarla müəyyən edilir. Aparılan tədqiqat əsasında əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri olan iqtisadi-fəal əhali, məşğul əhali, işsiz əhali, qeyri-fəal əhali haqqında məlumat əldə edilir. Bu məlumatların müxtəlif qruplaşmalar üzrə (ərazi bölgüsünə, cinsə, təhsilə, yaş qruplarına və sair) bölgüsü verilir.

Əhalinin iqtisadi fəaliyyəti haqqında statistik məlumatlar aşağıdakı məqsədlər üçün böyük əhəmiyyət kəsb edir:

• iqtisadi və sosial siyasətin formalaşdırılması və planlaşdırılması: məsələn, dövlət və özəl sektorlarda məşğulluğun təşviq edilməsi, işsizliyi, natamam məşğulluğu azaltmaq üçün xüsusi proqramların hazırlanması, eləcə də yeni iqtisadi fəaliyyət növləri üzrə ərazilərin və bazarların müəyyən edilməsi üçün qərarların qəbul edilməsi;

• investisiya sahəsində qərarların qəbul edilməsi, təhsil sahəsində tələbatın müəyyən olunması, eləcə də yoxsulluqla mübarizə yollarını aydınlaşdırmaq üçün əmək bazarında vəziyyətin öyrənilməsi üzrə siyasətin həyata keçirilməsi zamanı əldə edilməsi tələb olunan məqsəd göstəricilərinin müəyyənləşdirilməsi;

• iqtisadiyyatın mövcud vəziyyətinin və əhalinin müxtəlif qrupları arasında iqtisadi vəziyyətindəki fərqlərin aşkar ediləsi daxil olmaqla məşğulluq yaxud sosial təminat sahəsində milli proqram və siyasətin qiymətləndirilməsi;

• pensiya təminatı və digər sosial sığorta proqramlarını işləyib hazırlamaq üçün elmi tədqiqatların aparılması;

• əmək miqrasiyası ilə bağlı təhlillər;

• yoxsulluğun xəritəsinin müəyyən edilməsi;

• iqtisadi və sosial vəziyyətin öyrənilməsi və təsviri, eləcə də müxtəlif yaşayış məntəqələrində, region yaxud ölkə daxilində əmək bazarının vəziyyətinin təhlili.

Əhalinin siyahıyaalınması məlumatlarından tematik seçmə müşahidələrin hazırlanmasında istifadə olunur. Bu məlumatlar aşağıda göstərilən məsələlər üçün əsas hesab olunur:

• statistik tədqiqat layihələrinin icrası üçün məlumatla təmin edilməsi;

• demoqrafiya sahəsində göstəricilərin hazırlanması;

• kənd təsərrüfatı sahəsində, eləcə də qeyri-formal sektor üzrə iqtisadi fəaliyyətin tədqiqi;

• müşahidə vahidlərinin stratifikasiyası;

• statistik tədqiqatların qiymətləndirilməsi.

Nəticə olaraq qeyd etmək lazımdır ki, sosial-iqtisadi və sosial-ekoloji xarakterli bütün məsələlərin həllini dərin statistik tədqiqat olmadan həyata keçirmək mümkün deyil. Burada əsas şərt tədqiqat obyekti haqqında tam və düzgün informasiyanın olmasıdır. Odur ki, statistik tədqiqat dedikdə məlumatların toplanması, işlənməsi, qruplaşdırılması, ümumiləşdirilməsi və təhlili başa düşülür.

Statistik tədqiqatın birinci mərhələsində ilkin statistik məlumatlar formalaşır ki, bu da aparılacaq tədqiqatın fundamentini təşkil edir. Statistik tədqiqatın etibarlı, düzgün, keyfiyyətli olması üçün məhz ilk növbədə onun fundamenti keyfiyyətli olmalıdır. İlkin statistik məlumatlarda mövcud səhvlər istər nəzəri, istərsə də praktiki nəticələrin doğru və etibarlı olmasına öz mənfi təsirini göstərmiş olur. Bu səbəbdən aparılan siyahıyaalmalar və digər statistik müşahidələr ilk mərhələdən son mərhələyədək diqqətlə düşünülməli, elmi üsullarla təşkil edilməlidir. Statistik müşahidə əldə olunmuş nəticələri ümumiləşmək üçün ilkin mərhələdir. Aparılan statistik müşahidə zamanı hər bir vahid haqqında onu müxtəlif tərəfdən səciyyələndirən məlumatlar mövcud olduqda alınan məlumatların yekunu bütün statistik məcmunu və onun ayrı-ayrı hissələrini xarakterizə edə bilir. Bu mərhələdə statistik məlumatlar toplusu fərq əlamətlərinə görə bölünür və bənzərlik əlamətlərinə görə birləşdirilir, ümumi göstəricilər qruplar və məqsədlər əsasında hesablanır. Qruplaşdırma metodundan istifadə etməklə tədqiq olunan statistik vahidlər əsas xüsusiyyətlərə əsasən ən əhəmiyyətli növlərə, xarakterik qruplara və alt qruplara bölünür. Qruplaşdırmadan istifadə edərək, əhəmiyyət kəsb edən keyfiyyətcə həmcins məcmu formalaşdırılır ki, bu da ümumiləşdirici göstəricilərin müəyyən olunması və tətbiqi üçün əsas şərtdir. Təhlilin yekun mərhələsində ümumiləşdirici göstəricilər əsasında nisbi və orta kəmiyyətlər hesablanır, variasiya və keyfiyyət göstəriciləri hesablanır, dinamika qurulur, indekslər hesablanır, balans qurulur, əlaqə sıxlığını xarakterizə edən göstəricilər hesablanır, statistik modellər qurulur. Rasional və vizual təsvir olunması məqsədilə mövcud məlumatlar cədvəllər və qrafiklər şəklində təqdim olunur.

Bütün bunları nəzərə alaraq demək olar ki, siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlı olduğundan əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim