Əhalinin siyahıyaalınması həyat keyfiyyətinin qiymətləndirilməsində aparıcı tədbirlərdən biridir
Oktyabrın 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Əhalinin siyahıyaalınması periodik və mütəmadi keçirilməklə, ölkədəki müxtəlif qrupları müqayisə etməyə kömək edən prosesdir. Siyahıyaalma, həmçinin həyat keyfiyyətinin qiymətləndirilməsində əsas məlumat mənbəyidir. AZƏRTAC əhalinin siyahıyaalınmasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Yaşar Paşanın məqaləsini təqdim edir.
Əhalinin siyahıyaalınması əhali haqqında sistematik olaraq məlumatların əldə edilməsi və qeyd olunması prosesidir. Qədim dövrlərdən başlayaraq dövlətlər tərəfindən əhali haqqında məlumat əldə etməyə xüsusi diqqət yetirilib. Bunun əsas məqsədi əhalinin sosial, iqtisadi və demoqrafik strukturunu müəyyənləşdirmək və müəyyən zaman daxilində baş verən dəyişikliklərin qeyd edilməsi və tədqiqidir.
Azərbaycanda əhalinin siyahıyaalınmasına dair bir sıra tarixi məlumatlar var. Monqolların istilası dövründə 1254-cü ildə, 1590-cı ildə isə Osmanlı imperiyasının nəzarətinə keçən Azərbaycan torpaqlarında, 1699-1702-ci illərdə Səfəvilər dövründə 15 yaşına çatmış şəxslərin siyahıyaalınması keçirilib. Sonrakı dövrlər ərzində Azərbaycan ərazisində siyahıyaalma Çar Rusiyası tərəfindən 1897-ci, Sovet dövründə isə 1926-cı, 1937-ci, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu və 1989-cu illər ərzində keçirilib. Müstəqillik əldə olunduqdan sonra isə 1999-cu və 2009-cu illərdə aparılıb. Növbəti siyahıyaalma isə bu il oktyabrın 1-10-da keçiriləcək. Qarşıdan gələn siyahıyaalmanın sorğu vərəqinə daxil edilmiş sualların əksəriyyəti Avropa İqtisadi Komissiyasının 2020-ci il raund əhali və mənzil fondunun siyahıyaalınmasının keçirilməsi üzrə tövsiyələri nəzərə alınaraq Azərbaycanda istifadə olunması üçün uyğunlaşdırılıb və bu zaman aidiyyəti qurumlarla geniş müzakirələr aparılıb.
Siyahıyaalma zamanı əhalidən sosial-demoqrafik məlumatlarla yanaşı, vətəndaşlıq, qaçqın və ya məcburi köçkün statusunun olub-olmaması, milli (etnik) mənsubiyyət, ana dili, sərbəst danışa bildiyi dillər, nikah vəziyyəti, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq statusu, əlillik və sağlamlıq imkanlarının məhdudluğunun mövcudluğu barədə məlumatlar əldə olunur. Əhalinin siyahıyaalınması periodik və mütəmadi keçirilməklə, ölkədəki müxtəlif qrupları müqayisə etməyə kömək edən prosesdir. Bunlarla yanaşı, siyahıyaalma hökuməti ölkənin müxtəlif əraziləri üzrə məlumatla təmin etməklə gələcəkdə hansı siyasəti aparacağını, iqtisadi inkişafa müsbət təsir etmək üçün gələcək plan və prioritetlərin müəyyən edilməsinə yardım edir.
İnsanın yaşaması və normal fəaliyyətdə olması üçün ona fiziki və əqli sağlamlığından sonra ən çox lazım olan amillərdən biri yaşayış yeridir. İnsan məhz normal şəraiti olan, onun tələbatlarını ödəyə bilən müəyyən bir yaşayış yerində yaşamaqla fəaliyyət göstərə bilər. Yaşayış yeri dedikdə ailənin yaşaması üçün təchiz olunmuş bir və ya bir neçə otaqdan ibarət olan daimi tikili nəzərdə tutulur. Normal mənzil şəraiti əhalinin həyat keyfiyyətinə müsbət təsir etdiyi kimi, aşağı mənzil şəraiti cəmiyyətdə qəbul olunmuş normal həyat standartlarına nail olmağın əsas maneələrindən biridir. Yaşayış yerinin ailənin öz mülkiyyətində olması onların iqtisadi imkanları ilə bilavasitə əlaqəlidir. Yaşayış yerinin tikildiyi il, onun sahəsi və otaqlarının sayı, yaşayış yerinin bayır divarlarının materialı və abadlıq şəraitinin də əhalinin həyat keyfiyyəti ilə birbaşa əlaqəlidir. Daimi yaşayış yerinin ümumi sahəsi, otaqların sayı və orada yaşayan insanların sayının çox olması sıx məskunlaşmaya səbəb olur. Yaşayış yerinin köhnə olması, dam örtüyünün çürük, istifadə oluna bilən döşəmənin sahəsinin az olması bu qəbildən olan problemlərdəndir.
Müstəqilliyin ilk illərində qonşu dövlətin hərbi təcavüzü nəticəsində 1 milyondan çox soydaşımız öz doğma torpaqlarından didərgin düşüb, onların həyat şəraiti ağırlaşıb, müvəqqəti olaraq yaşayış üçün əlverişli olmayan çadır düşərgələrində, yataqxanalarda məskunlaşıblar. Əhalinin bu həssas qrupunun sosial müdafiəsinin gücləndirilməsi dövlətin əsas məqsədlərindən biri olub. Bu məqsədlə bir çox humanitar layihələr həyata keçirilərək Bakı və digər böyük şəhərlərdə bu kateqoriya əhali üçün yeni müasir binalar tikilərək onların istifadəsinə verilib. Bundan başqa, çadır düşərgələrində məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb və orada yaşayan bütün əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Sonrakı dövrlərdə ölkəmizin iqtisadi inkişafı nəticəsində ÜDM-in tərkibində tikinti sektorunun payının çoxalması təklifi artırıb, əhalinin mənzilə olan tələbatının ödənilməsində mühüm yer tutub. Əhalinin gəlirlərinin artması ilə əlaqədar ölkənin bütün ərazilərində müasir tipli fərdi yaşayış evləri tikilib. Bunlardan başqa, paytaxt Bakı və ölkənin digər iri şəhərlərində minlərlə müasir standartlara cavab verən çoxmərtəbəli yaşayış binaları tikilərək əhalinin istifadəsinə verilib. Bu mənzillər müasir infrastruktur, rabitə və informasiya texnologiyaları, işıq, su və qaz ilə təchiz olunub. Bunlara istinad olaraq ölkədə mənzil-məişət şəraitinin xeyli yaxşılaşdığını söyləmək olar. Ancaq daha dolğun məlumat məhz siyahıyaalma vasitəsilə əldə olunacaq. Siyahıyaalmada əhalidən onların yaşadığı yerin bayır divarları, tikildiyi il, otaqların sayı və mənzil-məişət şəraiti haqqında geniş məlumatlar toplanılır.
Azərbaycanda mənzilə sahiblik faizi dünya ölkələri ilə müqayisədə xeyli yüksəkdir. Bir çox inkişaf etmiş ölkələrdə insanlar mənzil qiymətlərinin baha olması səbəbindən əsasən kirayə evlərdə yaşayırlar. Əhalinin gəlirlərinin əhəmiyyətli hissəsinin məhz kirayə haqlarına xərclənərək istehlak xərclərinin quruluşunda dəyişikliyə səbəb olur. Ölkə əhalisinin fərdi-yaşayış evi və ya mənzil sahibi olmaq imkanlarının artırılması əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, iqtisadi canlanma, yeni iş yerlərinin açılması və iqtisadi inkişafı üçün effektiv imkandır. Əhalinin mənzilə sahibliyinin yüksək olması ilə yanaşı onun abadlıq şəraiti, tikildiyi il və sahəsi əhəmiyyətlidir. Bunlardan ən əhəmiyyətlisi yaşayış yerinin tikildiyi materialdır. Çünki bayır divarının hansı materialdan olması orada yaşayanların sağlamlığı ilə düz mütənasibdir. Son illərdə tikilən yaşayış binalarının bayır divarlarının əsasən mişar daşı, kərpicdən olması əhalinin sağlamlığının qorunmasında xüsusi yeri vardır. Bayır divarından savayı yaşayış yerinin döşəmə və tavanının yararlı olması vacib şərtlərdən biridir. Döşəmə və tavanın yararsız olması, yağış yağdığı zaman evin içərisinə suyun damması nəticəsində tavan, döşəmə və divarlarda rütubət yaranaraq sakinlərin sağlamlığına ziyan vurur. Bunlardan başqa, yaşayış yerində elektrik enerjisi, təbii qaz təchizatı, istilik təchizatı, isti-soyuq su, müasir sanitar qovşaq, vanna, internet və digər rabitə qovşaqlarının olmaması da əhalinin müəyyən məhrumiyyətlə üzləşdiyinin göstəricisidir. Siyahıyaalmada mənzil-məişət şəraiti haqqında olan suallar vasitəsilə əldə olunan məlumatlar ölkədə məhrumiyyət səviyyəsinin ölçülməsində əvəzsiz rola sahibdir.
Məlumdur ki, yaşayış yeri olmayan və ya yaşayış yerini tez-tez dəyişən ailələrdə böyüyən uşaqların təhsil, bilik, sağlamlıqları hətta öz sosial səviyyələrinə uyğun ailələrdə böyüyən uşaqlarla müqayisədə belə daha aşağı olur. Bu şəraitdə böyüyən uşaqlar hər dəfə yeni bir əraziyə köçməyə məcbur olduqları üçün onlar həm fiziki, həm də mənəvi olaraq “yorulmuş” olurlar. Çünki, hər dəfə yeni yaşayış yerinə köçdükdə oranın insanları ilə ünsiyyət qurmaq, münasibətləri daim isti saxlamaq zərurəti yaranır və bununla yanaşı, həmin ailələrin əsasən yoxsul olması uşaqları daim stress, məhrumiyyət içərisində böyüyəcəyini bildirir. Tikilinin yaşının çox olması təbii olaraq onun fiziki aşınması ilə nəticələnir. Fiziki köhnəlmə həyatının çox hissəsini məhz orada keçirən insanlar üçün yuxarıda sadalanan problemləri yaradır. Həmçinin köhnə tikilini təmir etmək böyük xərc tələb edir. Məlum olduğu kimi, hazırda ölkəmizdə bina tikintisi zamanı müasir texnologiyalardan istifadə olunur. Aparılan tikinti-abadlıq tədbirləri zamanı xeyli sayda müasir tələblərə cavab verməyən köhnə evlər sökülərək onların yerində yeni müasir binalar tikilib və yollar salınıb. Bu infrastrukturun inkişafı nəticəsində ölkədə mənzil bazarında təhlükəsizlik xeyli artıb.
Avropa Statistika Bürosunun qəbul etdiyi normaya əsasən, otaq yaşayış üçün nəzərdə tutulmuş, böyüklər üçün olan çarpayının yerləşə biləcəyi (4 kvadrat metrdən az olmayan), hündürlüyü 2 metrdən çox, tavanı olan yer hesab olunur. Buna yataq, yemək, yaşayış üçün nəzərdə tutulmamış digər otaqlar (mətbəx, balkon, çardaq və sair) daxil deyildir. Hətta bu yerlər yuxarıdakı xüsusiyyətləri özlərində daşısalar belə otaq kimi qeyd olunmur. Nəzərə almaq lazımdır ki, mətbəx yalnız yemək hazırlamaq üçün nəzərdə tutulubsa, bu, otaq kimi qeyd olunmur. Sanitar qovşaq, dəhliz və sadəcə olaraq üstü qapalı olan yerlər də otaq kimi qeyd edilmir. Həm şəxsi, həm də biznes fəaliyyəti üçün istifadə edilən otaqlar istisna olmaqla, istifadə təyinatı sadəcə biznes fəaliyyəti üçün olan otaqlar da otaqların sayına daxil olunmur. Bunlardan istifadə edərək sıx məskunlaşma dərəcəsi müəyyənləşdirilir:
• ev təsərrüfatı üçün bir otaq;
• hər bir ər-arvad cütlüyünə bir otaq;
• 18 yaşdan yuxarı olan hər bir subay şəxslər üçün bir otaq;
• eyni cinsdən olan 12-17 yaşarası 2 subay şəxs üçün bir otaq;
• müxtəlif cinsdən olan hər bir 12-17 yaşarası subay şəxslər üçün bir otaq;
• 12 yaşdan aşağı olan iki uşaq üçün bir otaq.
Əgər şəxsin istifadəsində yuxarıdakı hallara uyğun minimum sayda otaq olmasa, həmin şəxs sıx məskunlaşmış ev təsərrüfatında yaşayan şəxs hesab edilir.
Ümumdünya Səhiyyə Təşkilatı isə sıx məskunlaşmanın bir qədər fərqli şəkildə hesablanmasını təklif edir:
• sağlam döşəmənin sahəsinin yaşayanların sayına nisbəti (kvadrat metr/adam);
• adamların sayının yataq otaqlarının sahəsinə nisbəti;
• yataq otaqlarının sahəsinin adamların sayına nisbəti;
• adamların sayının yataq otaqlarının sayına nisbəti;
• əhalinin sayının evlərin (mənzillərin) sayına nisbəti.
Mənzil şəraitindən ən çox əziyyət çəkənlər qadın və uşaqlardır və onların daha depressiv olmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı uşaqların sıx məskunlaşmasını yuxarıdakı metodların alternativi kimi təklif edir. Əgər evdə hər otaq üçün orta hesabla 2,5 adam yaşayırsa, bu zaman orada yaşayan uşaqlar “sıx məskunlaşmış” ev təsərrüfatında yaşayan hesab olunurlar.
Nəzərə almaq lazımdır ki, mənzil şəraiti birbaşa mənzilin özü ilə deyil, insanların yaşadığı yerin digər aspektlərindən də asılıdır. Sıx məskunlaşma, divarların nəm olması, tavanın çürük olması, mətbəxin, isti suyun, qızdırıcının, vanna və ya duşun, sanitar qovşağın və sair olmaması kimi problemlər mənzil şəraitinin abadlığının əsas amillərdən olsa da burada həmçinin, ətraf mühitin çirkablıq dərəcəsi, yaşayış yerinin ətrafında səs-küy, ərazidə cinayət hallarının sayı və sair nəzərə alınır.
Məhz siyahıyaalma vasitəsilə dolğun əldə oluna bilən məlumatlardan biri də əhalinin təhsil səviyyəsidir. Təhsil insanın bilik və bacarıq əldə etməsi sahəsində imkanlarını genişləndirir, insan kapitalını formalaşdırır, həyat keyfiyyətini dəyişir və bunların fonunda iqtisadi artımın mənbəyi rolunu oynayır. Yaxşı təhsil alan insan ixtisaslı kadr olmaqla istehsalın artırılmasında əvəzsiz rol oynaya biləcək biri kimi öz töhfəsini verə bilər. Həmçinin insanların bilik və bacarıqlarının az olması, gələcəkdə onların iqtisadiyyatın digər daha perspektivli və gəlirli sahələrində iş tapmağına maneə törədir. Bu problem onların gələcəkdə sivil həyatda bir çox məhrumiyyətlə üzləşməsinə də gətirib çıxarır. İnsanların təhsilinin aşağı olması iqtisadi inkişafı da ləngidir. Elmtutumlu istehsal sahələrində kadr çatışmazlığı üzündən bir çox məhsul ölkə daxilində istehsal oluna bilmir və ya bunun üçün xaricdən mütəxəssislər dəvət olunur. Ölkə daxilində istehsalın az olması ölkəni idxaldan asılı vəziyyətə salır. İdxalın çox olması isə iqtisadi təhlükəsizlik baxımından müsbət hal deyil. Azərbaycan savadlılıq dərəcəsi yüksək olan ölkələr qrupuna daxildir. BMT İnkişaf Proqramının 2017-ci il üçün hazırladığı "İnsan inkişaf indeksi və göstəriciləri" hesabatında Azərbaycanda savadlılıq səviyyəsi 15 yaşdan yuxarı olan əhali üzrə 99,8 faiz15-24 yaş arasında olanlar üzrə 99,9 faiz olub.
Əhalinin gəlirləri, onların daxil olma mənbələri cəmiyyətin iqtisadi və sosial inkişafının əsas göstəricilərindən biridir. Məlumdur ki, gəlirlərin artması insanların istehlakının, yığımının artmasına səbəb olur və bununla da ümumi tələbi artıraraq ölkədə iqtisadi artımı təmin edir. Sərəncamda qalan gəlirlərin artması insanların daha müstəqil həyat sürməsinə şərait yaradır. Gəlir mənbələri haqqında məlumatların toplanması əhalinin həyat keyfiyyətinin ölçülməsi üçün əsas hesab olunur.
Məşğulluq səviyyəsi, onun növləri, məşğul əhalinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü, muzdla işləyən iqtisadi fəal əhali, işsizliyin səviyyəsi və sair əmək bazarını səciyyələndirən göstəricilərdir. Məşğulluqla əlaqədar olan problemlərin aradan qaldırılması demək olar ki, hər bir dövlətin qarşısında duran, iqtisadiyyatın inkişafı üçün ən çox həlli düşünülən mühüm məsələlərdəndir.
İnsanların normal həyat sürməsi, fəaliyyət göstərməsi üçün lazım olan amillərin ən başlıcası onun sağlamlığıdır. Sağlam insan dedikdə həm fiziki, həm də əqli sağlamlıq nəzərdə tutulur. İnsan fiziki və əqli sağlam olmadıqca normal fəaliyyətdə ola bilmir. Bir çox zəruri tələbatların ödənilməsində çətinliyin yaranması onun həyatına böyük zərbə vurur, hər hansı sahədə inkişafına maneə törədir. Əgər sağlamlığında məhdudluq olan şəxs ev təsərrüfatının başçısıdırsa, bu zaman adıçəkilən problem ona işləməkdə, ailənin gəlirlə təmin etməkdə çətinlik yaradır və bunun fonunda himayədə olan şəxslərin də rifahı aşağı düşür. Ev təsərrüfatında sağlamlığını əhəmiyyətli dərəcədə itirən şəxsin mövcudluğu dərman vəsaitlərinə olan tələbin qeyri-elastik olması səbəbi ilə ailənin xərclərinin strukturunu dəyişdirir. Ailənin gəlirinin əsas hissəsi xəstəliklərin dövri müayinəsinə və müalicəsinə, dərmanların alınmasına sərf edilir. Əgər ailənin gəliri yüksək olmazsa, bu zaman həmin şəxsin prosedurlardan keçməsi ləngiyir və məlum olduğu kimi gecikmə olduğuna görə bu prosedurlar gözlənilən effekti təmin etmir və sağalmanın sürətini yavaşladır. Bu da həmin şəxsin həyat şəraitinə, hətta gözlənilən ömür uzunluğuna mənfi təsir edir, fiziki çətinliklə yanaşı şəxsə əlavə mənəvi diskomfort yaradır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, əhalinin siyahıyaalması həyat keyfiyyətinin qiymətləndirilməsində əsas məlumat mənbəyidir. Çünki əhalinin həyat keyfiyyətini tədqiq edən başqa sorğulardan fərqli olaraq əhalinin siyahıyaalmasında ölkədəki bütün ev təsərrüfatları sorğu edilərək öz məlumatlarını təqdim edirlər. Bundan əlavə növbəti illərdə əhalinin həyat keyfiyyətini tədqiq edən sorğular üçün daha effektiv seçmənin aparılması üçün əhalinin siyahıyaalmasının nəticələri əvəzolunmaz mənbə hesab olunur.