Dövlət Statistika Komitəsində bir qrup əməkdaşa “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunması mərasimi keçirilib
İyulun 31-də Dövlət Statistika Komitəsində Komitənin bir qrup əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, dövlət qulluğu çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir, ölkənin nüfuzu, inkişafı dövlət qulluqçusunun, məmurun fəaliyyəti ilə bilavasitə bağlıdır. Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasından, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolundan geniş bəhs edən Komitə sədri Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanda dövlət qulluğunun formalaşdırılması və inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən natiq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır, dövlətlə vətəndaş arasında inam və etimad yüksək səviyyədədir. Həyata keçirilən dövlət qulluğu siyasəti qanunçuluq, hesabatlılıq, şəffaflıq, cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişafına xidmət edir. Çıxışının sonunda Komitə sədri Tahir Budaqov dövlət qulluqçularını yüksək dövlət təltifi münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən dövlət qulluqçuları ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini önə çəkib, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, dövlət qulluqçularının peşə bayramının qeyd olunması onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir. Çıxışlarda dövlət qulluqçularının xalqın xidmətçisi olduğu diqqətə çatdırılıb, dövlətin və onun vətəndaşlarının qulluğunda durmanın şərəfli, eyni zamanda da bir o qədər çətin və məsuliyyətli olması, həyatını, bütün mənalı ömrünü bu sahəyə həsr edən insanların böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqliyi vurğulanıb. Qeyd olunub ki, dövlət qulluqçusu başqaları üçün nümunə olmalı, məsuliyyətini dərindən dərk etməlidir. Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir. Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən Dövlət Statistika Komitəsinin 6 əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.