Əmək bazarının tədqiqi sahəsində əhalinin siyahıyaalınmasının rolu
Bu il oktyabrın 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Əhalinin siyahıyaalınması ölkənin demoqrafik və sosial sahədə gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas məlumat mənbələrindəndir. AZƏRTAC əhalinin siyahıyaalınmasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadənin məqaləsini təqdim edir.
Əhalinin siyahıyaalınması ölkədə əhalinin həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməklə onların faktiki vəziyyətini öyrənməyə, ötən 10 ildə baş vermiş dəyişiklikləri təhlili və gələcək üçün proqnoz verməyə imkan yaradır.
Əhalinin sosial, iqtisadi və demoqrafik strukturu haqqında siyahıyaalma məlumatları ölkənin sosial-iqtisadi vəziyyətinin kompleks qiymətləndirilməsi və inkişafın planlaşdırılması, bu istiqamətdə ölkə və regional səviyyədə dövlət proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin təbii hərəkətinin elmi araşdırılması, miqrasiya proseslərinin, işçi qüvvəsinə olan tələb və təklifin öyrənilməsi, həmçinin kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, peşəkar bacarıqların proqnozlaşdırılması və əmək bazarına uyğunluğunun təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Dünya ölkələrinin milli statistikasının əsasını təşkil edən əhalinin siyahıyaalınması ölkənin demoqrafik və sosial sahədə gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas məlumat mənbələrindən biri hesab olunur.
BMT-nin “2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa Statistikləri Konfransının tövsiyələri”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklər və milli səviyyədə qərarların qəbulu üçün məşğulluqla bağlı göstəricilər də daxil olmaqla statistik məlumatlara olan tələbat nəzərə alınmaqla, cari ilin oktyabrın 1-10-da ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınmasının metodologiyası əhəmiyyətli dərəcədə təkmilləşdirilib.
Müstəqillik dövründə sayca üçüncü olan bu siyahıyaalma siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yeri, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və miqrasiyasının səbəbləri və sair haqqında ətraflı məlumatların əldə olunmasına imkan verəcək.
Əvvəlki siyahıyaalmalardan əldə edilmiş məlumatlardan fərqli olaraq, bu il keçiriləcək siyahıyaalma zamanı ilk dəfə ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin məşğulluğuna, mənzil-məişət şəraitinə və təhsilinə, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların şəhər və rayonlar üzrə əldə edilməsinə imkan yaranacaq. Qeyd olunanlarla yanaşı, məşğulluq sahəsində milli qanunvericilik və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalar əsasında işçi qüvvəsi, həmçinin potensial işçi qüvvəsi, əhalinin məşğulluğu, o cümlədən özünüməşğulluğu, işsizliyi, iqtisadi qeyri-fəallığı və öz şəxsi istehlakı üçün mal istehsalı ilə məşğul olanlar haqqında məlumatlar əldə ediləcək. İqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Bu məqsədlə ölkədə vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlər həyata keçirilməkdədir. Bununla yanaşı, son dövrlər ərzində əmək və məşğulluğa dair milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də mühüm addımlar atılıb.
Son 10-15 ildə dövlət tərəfindən yoxsulluğun yaranmasını şərtləndirən mühüm amillərdən biri olan işsizlik səviyyəsinin azaldılması istiqamətində uğurlu siyasət həyata keçirilir. Belə ki, yeni iş yerlərinin açılması, yeni müəssisələrin, infrastruktur obyektlərinin və sair yaradılması, məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində regionlarda uğurla həyata keçirilən sosial-iqtisadi inkişafa dair Dövlət Proqramları mühüm əhəmiyyət kəsb edir. Bu Dövlət Proqramlarının müvəffəqiyyətlə icra edilməsi regionların iqtisadi inkişafının təmin edilməsi, həmçinin işsizlik və yoxsulluq səviyyələrinin nəzərəçarpacaq dərəcədə azaldılması, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, işsizlərin, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi ilə nəticələnib.
Ölkədə daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi nəticəsində ildə orta hesabla yüz mindən çox yeni iş yerləri açılıb ki, onların da mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılıb.
Azərbaycanın milli prioritetlərinə, iqtisadi inkişaf perspektivlərinə və mövcud demoqrafik meyillərinə əsaslanaraq keyfiyyətli məşğulluğun təmin olunmasın yönəldilmiş müvafiq institusional islahatların davam etdirilməsi məqsədilə ölkədə növbəti illər üçün məşğulluq siyasəti formalaşdırılıb. Layiqli iş yerlərinin yaradılması, məşğulluq sahəsində inklüzivliyin təmin olunması, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılması istiqamətində ölkənin məşğulluq sahəsində perspektiv inkişaf hədəfləri müəyyən edilib və ölkə başçısının müvafiq Sərəncamı ilə “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” təsdiq olunub.
Məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına imkan verən əmək bazarının tənzimlənməsinə dair qanunvericilik bazasının və istitusional strukturun təkmilləşdirilməsini özündə əks etdirən bu Strategiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, “2016-2020-ci illər üzrə Azərbaycan üçün Layiqli Əmək Ölkə Proqramı” və digər sosialyönümlü dövlət proqramları və strategiyaları, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılıb.
Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi Strategiyanın əsas istiqamətlərindəndir. Siyahıyaalmalar arasındakı dövrdə BƏT-in metodologiyası əsasında müntəzəm qaydada ev təsərrüfatlarında keçirilən işçi qüvvəsinə dair seçmə statistik tədqiqatlar ölkənin əmək bazarının monitorinqinin aparılması üçün əsas mənbə hesab edilir. Lakin, bu tədqiqatların aparılması zamanı əhalinin bütün kateqoriyaları üzrə əhatəliliyi tam təmin olunmur, əldə edilən məlumatlar seçmə metodundan irəli gələn statistik xətalarla səciyyələnir, həmçinin müvafiq olaraq ölkənin kiçik coğrafi ərazi vahidləri və ya daha ətraflı məşğulluq qrupları üzrə qiymətləndirmələrin nəticələri hər zaman reallığı tam əks etdirmir. Bunun əvəzində əhalinin siyahıyaalınması bu monitorinq və proqnozlaşdırılma sisteminin inkişafı, həmçinin sosial, demoqrafik və iqtisadi əlamətlər üzrə məlumatların əldə edilməsi üçün irihəcmli məlumat bazası hesab olunur. Çünki, əhalinin siyahıyaalınması zamanı yalnız ölkə üzrə deyil, həm də ölkənin kənd, qəsəbə və şəhər yaşayış məntəqələrinin hər biri üzrə əhali haqqında müxtəlif demoqrafik əlamətlərə görə dezaqreqasiya olunmuş geniş məlumatlar əldə edilir. Belə ki, bu məlumatlara iqtisadiyyatın bu və digər sahələrində məşğul olanların, həmçinin işsizlərin və potensial işçi qüvvəsinin ümumi sayı deyil, həm də onların cins, yaş qrupları, təhsil səviyyəsi, ölkədaxili yerdəyişməsi və miqrasiyası, peşəsi (vəzifəsi) və sair barədə məlumatlar aid edilir.
Qeyd etmək lazımdır ki, bu məlumatların bir çoxu Dövlət Statistika Komitəsi tərəfindən müxtəlif mənbələrdən əldə olunur. Siyahıyaalmanın hər bir şəxs haqqında təfsilatlı məlumatı bir yerdə və eyni vaxtda toplamağa, uçota alınan bütün əlamətlərin toplusunu əldə etməyə imkan yaratdığını nəzərə alsaq, əhali haqqında məlumatların digər mənbələrdən deyil, siyahıyaalma vasitəsilə toplanması daha məqsədəuyğun hesab edilməlidir. Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, əhali üzrə məlumatların müxtəlif mənbələrdən toplanılıb, statistik məqsədlər üçün qruplaşdırılması çətin bir proses olduğundan, bu məlumatların bir qayda olaraq vahid şəkildə yalnız əhalinin siyahıyaalınması vasitəsilə əldə edilməsi ən düzgün metoddur.
Beləliklə, statistik tədqiqatların müşahidə vahidlərinin ev təsərrüfatları, müşahidənin obyektinin isə ev təsərrüfatlarında daimi yaşayan 15 və yuxarı yaşda olan əhali olduğunu, həmçinin bu ev təsərrüfatlarının seçmə şəbəkəsinin ölkənin hər bir inzibati rayonunun şəhər və kənd yaşayış məntəqələri üzrə ayrılıqda həyata keçirildiyini nəzərə alsaq, o halda əhalinin siyahıyaalınması siyahıyaalmalar arasındakı dövrdə əhalinin əmək bazarında iştirak səviyyəsini, onların sosial vəziyyətini və həyat səviyyəsini öyrənmək məqsədilə keçirilən bu və ya digər statistik tədqiqatlar, o cümlədən bu tədqiqatlara cəlb olunan ev təsərrüfatlarının seçmə şəbəkəsinin formalaşdırılması üçün əsas statistik məlumat bazası olacaq.
2003-cü və 2008-ci illərdə baş vermiş qlobal böhran nəticəsində dünya ölkələrində cəmiyyətin sosial-siyasi və iqtisadi həyatının vacib sahəsi olan əmək bazarında mövcud dəyişikliklər işçi qüvvəsinin yenidən qiymətləndirilməsini və bu istiqamətdə beynəlxalq tələblərə cavab verən yeni standartların yaradılmasının vacibliyini aktual edib. Bu məqsədlə BƏT-in Əmək statistiklərinin beynəlxalq konfransı tərəfindən iqtisadi fəal, o cümlədən məşğul və işsiz əhalinin müəyyənləşdirilməsi ilə bağlı 1982-ci ildə qəbul edilmiş beynəlxalq tövsiyələrə və müvafiq rəhbər prinsiplərə yenidən baxılıb və 2013-cü ildə əmək statistikası, məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsi ilə bağlı qətnamə qəbul edilib. “Əmək fəaliyyəti”nin beynəlxalq statistik izahı, cinsindən və yaşından asılı olmayaraq başqa şəxslərin istifadəsi və ya şəxsi istehlak məqsədilə malların istehsalı və ya xidmətlərin göstərilməsi istiqamətində görülən bütün fəaliyyət növləri kimi xarakterizə olunaraq bu qətnamədə öz əksini tapmış və əmək fəaliyyətinə dair yeni konsepsiya 2008-ci ilin Milli Hesablar Sisteminin ümumi istehsal sərhədləri çərçivəsinə tam uyğunlaşdırılıb. Əmək fəaliyyətinin müxtəlif növlərinin ayrı-ayrı qiymətləndirilməsi çərçivəsində məşğulluğun ancaq ödəniş və ya mənfəət müqabilində əmək fəaliyyəti kimi nəzərdə tutulması, əməkqabiliyyətli əhalinin strukturu, tam istifadə olunmayan işçi qüvvəsinin yenidən qiymətləndirilməsi kimi bir sıra mühüm dəyişiklikləri özündə birləşdirən bu yeni standartların dünya ölkələri tərəfindən tətbiq edilməsi BƏT tərəfindən tövsiyə olunub.
Əmək statistikasının konseptual bazasına əsaslanan əhalinin iqtisadi xarakteristikaları əmək fəaliyyətinin bir və ya bir neçə növündə qiymətləndirilə bilər ki, bu da siyahıyaalmanın nəticələri əsasında mümkün olacaq. Belə ki, siyahıyaalma zamanı yeni standartlara uyğun işçi qüvvəsi, o cümlədən ancaq ödəniş və ya mənfəət müqabilində əmək fəaliyyəti ilə məşğul olan şəxslər və işsiz əhali, yəni, işi və qazancı olmayan, lakin iş axtaran və ödəniş (mənfəət) müqabilində işləməyə hazır olan şəxslər, həmçinin işçi qüvvəsinin tərkibinə daxil olmayan potensial işçi qüvvəsi və öz şəxsi istehlakı üçün malların istehsalı ilə məşğul olanlar haqqında məlumatlar əldə ediləcək və bu məlumatlar əsasında tam istifadə olunmayan işçi qüvvəsinin yenidən qiymətləndirilməsi mümkün olacaq. Bununla yanaşı, beynəlxalq təsnifatlar əsasında milli səviyyədə hazırlanmış iqtisadi fəaliyyət növləri, məşğulluq və məşğulluq statusu təsnifatlarına uyğun olaraq, hər bir məşğul şəxsin çalışdığı iqtisadi fəaliyyət sahəsi, fəaliyyət sahəsi üzrə peşə və vəzifəsi, məşğulluq statusu üzrə (muzdlu işçi və ya özünüməşğul olması) dezaqreqasiya olunmuş məlumatlarının istər milli, istərsə də beynəlxalq səviyyədə müqayisəliliyi təmin ediləcək. Həmçinin, öz şəxsi istehlakı üçün malların istehsalı ilə məşğul olanlar haqqında siyahıyaalma məlumatları kənd təsərrüfatı və sənaye məhsulları istehsalına dair ev təsərrüfatlarında keçiriləcək seçmə statistik tədqiqatlar üçün məlumat bazası kimi istifadə edilməklə yanaşı, əhalinin siyahıyaalınmasının kənd təsərrüfatının siyahıyaalınması ilə inteqrasiyasına yardımçı olacaq.
Beləliklə, əhalinin siyahıyaalınması zamanı şəxsi həyata aid əldə ediləcək bütün fərdi məlumatların qorunacağını və konfidensiallığının təmin ediləcəyini nəzərə alaraq, ölkənin cari sosial-iqtisadi və demoqrafik vəziyyətinin kompleks qiymətləndirilməsi və növbəti 10 ildə gələcək perspektivlərin planlaşdırılması üçün siyahıyaalma prosesində aktiv iştirak etmək, sualları dolğun və düzgün cavablandırmaq bir vətəndaş olaraq hər birimizin məcburi öhdəliyimiz olmaqla, həm də mənəvi məsuliyyətimizdir.