Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Litvada keçirilən təlimə qatılıblar
2019-cu ilin 11-15 noyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində tərəfdaş ölkə qismində çıxış edən Litva Statistika Departamentində təlim səfərində iştirak edirlər.
Səfər müddətində qısamüddətli biznes statistikası üzrə məlumatların toplanması, emalı, təhlili və yayılması, sənaye məhsulları və xidmətlərin istehsalı indekslərinin, biznes reyestr və statistikada keyfiyyəti idarəetmə sisteminin tətbiqi ilə bağlı Litva təcrübəsi öyrənilir. Litvalı mütəxəssislər tərəfindən biznes statistikası üçün istifadə edilən məlumat mənbələrinə, biznes reyestrə, statistik müşahidələrə, Statistik biznes proseslərinin ümumi modelinə (GSBPM), DESAP özünüqiymətləndirmə anketinə və inzibati məlumatlara dair təqdimatlar edilib, statistik istehsal prosesinin təşkili ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Məlumatların keyfiyyətinin təmin olunması üçün onların təhlili ilə bağlı tətbiq edilən üsullar və proqram təminatları nümayiş etdirilib.