“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
Noyabr ayının 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin (ETSİM) təşkilatçılığı ilə “İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda iqtisadi tədqiqatlarda innovasiyalar, statistik istehsal proseslərində innovasiyaların tətbiqi, sosial-iqtisadi proseslərin modelləşdirilməsi, rəqəmsal iqtisadiyyatda keçid perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov qeyd edib ki, Komitə rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasına, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafına, həmçinin statistik məlumatlara olan inamın artırılmasına nail olmaq üçün rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. Statistika sistemində son illər həyata keçirilmiş struktur və institusional islahatlar, irihəcmli məlumatlardan (big data) istifadə, rəsmi statistika hesabatlarının elektron formada qəbulu, statistik məlumatların yayım sisteminin təkmilləşdirilməsi, respondentlərə düşən yükün azaldılması, statistik proseslərin standartlaşdırılması, beynəlxalq təsnifatların Azərbaycanda tətbiqi, statistik təsnifatlara dair metaməlumatların hazırlanması, keyfiyyətə nəzarət cədvəlləri, Dayanıqlı İnkişaf Məqsədlərinə dair yeni məlumatların hazırlanması, “Statistika xəbərləri” elmi-praktik jurnalının təsis edilməsi, bilik, innovasiyalar və yeni texnologiyalar (o cümlədən rəqəmsal texnologiyalar) üzrə əsaslı layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Plenar sessiyada Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev Mərkəzin fəaliyyəti, konfransın keçirilməsinin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Aqrar sahənin inkişafının iqtisadiyyata təsiri”, Azərbaycan Texniki Universiteti rektorunun dayanıqlı inkişaf, innovasiyalar və layihələr üzrə müşaviri Rasim Səfərov yeni inkişaf mərhələsində süni intellektin dayanıqlı iqtisadi artıma nail olunmasında rolu mövzularında məruzə ilə çıxışlar ediblər.
Konfransda daha sonra iqtisadi tədqiqatlarda innovasiyalar, statistik istehsal proseslərində innovasiyaların tətbiqi, sosial-iqtisadi proseslərin modelləşdirilməsi, rəqəmsal iqtisadiyyatda keçid perspektivləri ilə bağlı elmi məqalələr üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb. Tədbirdə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrini əhatə edən ali təhsil ocaqlarının və elmi müəssisələrin nümayəndələri iştirak edib.