AZ    EN
logo
image

Bakıda “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib

11.12.2019, 14:30

Dekabrın 11-də Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin (KOSTAT) birgə təşkilatçılığı ilə “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KOSTAT-ın sədri Kanq Şin-Uok, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong-op Kim açılış nitqi ilə çıxış ediblər.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-2019-cu illərdə Azərbaycanda statistika potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilib. Birinci layihə çərçivəsində Dövlət Statistika Komitəsinin statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilib, Komitədə  2 ədəd server avadanlıqları quraşdırılıb və rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçi yönümlü “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilib. İkinci layihə hesabına isə Komitədə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 31 yerlik təlim otağı yaradılıb, iqtisadi və sosial statistika sahəsində KOSTAT-ın təcrübəsi ilə tanış olmaq üçün Komitənin 34 əməkdaşına Koreya Respublikasında, 50-dən çox əməkdaşına Azərbaycanda təlimlər keçirilib, eyni zamanda Azərbaycan üçün statistikanın müxtəlif sahələrinə dair modul tipli təlim proqramları hazırlanıb.

Sonra konfransda “Statistikanın modernizasiyası - Koreya təcrübəsi”, “Dövlət Statistika Komitəsində rəsmi statistik məlumatların istehsalı proseslərinin təşkili: həyata keçirilmiş islahatlar və yeni çağırışlar”, “Modul tipli statistik təlim proqramları”, “Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi tərəfindən birgə həyata keçirilmiş layihələrin qısa icmalı” mövzularında təqdimatlar dinlənilib. 

Konfransda eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi təşkil olunub. Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və KOSTAT-ın sədri Kanq Şin-Uok imzalayıblar.

Konfransda iştirakçıları və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb. 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim