Heydər Əliyev – müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı
Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Bu, bir tarixi gerçəklikdir ki, Azərbaycan ötən əsrdə iki dəfə dövlət müstəqilliyi qazanan az saylı ölkələrdəndir. Azərbaycanın ən yeni tarixində, cəmi 30 il əvvəl ölkəmizdə baş vermiş ictimai-siyasi mühitə, qısa şəkildə, xronoloji ardıcıllıqla yaşamış olduğumuz hadisələrə nəzər salmaq və bu gün şahidi olduğumuz nəhəng uğurların hansı çətinliklər hesabına başa gəldiyini bir daha xatırlamaq olduqca qürurvericidir.
Məlum olduğu kimi, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq əzəli torpağımız olan Dağlıq Qarabağda kəskin münaqişəli vəziyyət yaranmış, 1990-cı ilin yanvar ayında Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələnmiş, həmin vaxt hakimiyyətdə olan şəxslərin siyasi səriştəsizliyi ucbatından ölkəmiz ictimai-siyasi və sosial-iqtisadi böhranla üzləşmiş, Azərbaycan, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz qeyd olunan hadisələr fonunda, belə bir çətin məqamda Moskvada təhdid və təzyiqlər altında yaşayan, öz həyatını daim Azərbaycana qurban verməyə hazır olan dünya şöhrətli siyasi xadim Heydər Əliyev yenidən öz xalqının yanında olmağa qərar verdi, Moskvada 20 yanvar faciəsi ilə bağlı öz mövqeyini bildirərək Azərbaycana qayıtdı. Tarix bir daha sübut etdi ki, bu qayıdışın əsas səbəbi böyük siyasətçinin öz xalqına olan inamından, onun Azərbaycana bağlılığından irəli gəlirdi.
Təəssüf ki, ölkəmizə qayıdan ulu öndər o vaxtkı hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana getməyə məcbur oldu. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin orada yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Muxtar Respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində başlıca məqsədə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Burada xüsusi vurğulamaq lazımdır ki, ulu öndər Naxçıvanda çalışarkən yalnız Muxtar Respublikanın deyil, ölkəmizin taleyi üçün bir sıra mühüm qərarların verilməsinə nail olmuş, o cümlədən, 20 yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmiş, üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş, dövlətlərarası münasibətlərin qurulması üçün mühüm addımlar atılmışdır.
Müstəqiliyin ilk illərində milli dövlətçilik mənafelərinə xidmət edən iqtidarın yoxluğu, hakimiyyətin bir qrup savadsız, səriştəsiz, bəzən isə xəyanətkar şəxslərin əlinə keçməsi ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, daxili qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev vətənin dar günündə xalqın səsinə səs verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə partiyanın təsis qurultayı keçirildi, ulu öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi 1993-cu il iyunun 15-də hakimiyyətə gətirdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.
1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı.
İqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miqyasında layiqli yer tutmasına təkan verdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdı, sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. İqtisadiyyatın bütün sahələrində aparılan məqsədyönlü və ardıcıl islahatlar, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlər nəticəsində ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71,0 faiz artaraq 6,1 milyard manata çatdı.
Ölkədə ictimai siyasi sabitliyin bərqərar olması daxili və xarici investorlar üçün əlverişli şərait yaratdı və 1993-2002-ci illər ərzində ölkənin istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün 8,2 milyard manat investisiya yönəldildi, onlarla mühüm əhəmiyyət kəsb edən obyektlər tikilərək istifadəyə verildi. Xarici investorların ölkə iqtisadiyyatına vəsait yönəltməsi eyni zamanda ölkələrarası münasibətlərin inkişafına, ölkənin milli maraqlarının təmin olunmasına müsbət təsir göstərdi. Həmin dövrdə ümumi sahəsi 6,7 milyon kvadrat metr olan yeni yaşayış evləri, 31,1 min şagird yerlik ümumtəhsil məktəbləri, 2,2 min yerlik məktəbəqədər təhsil müəssisələri, 1,5 min çarpayılıq xəstəxana və növbədə 3,0 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verildi.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra keçid iqtisadiyyatına xas olan böhranlı proseslər başqa sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da baş vermişdir. Böhranın qarşısı yalnız 1996-cı ildə alındı, bu sahədə görülmüş tədbirlər nəqliyyatın ayrı-ayrı növlərinin inkişafında müsbət meyillərin yaranmasına təsir etdi. 1996-2002-ci illərdə nəqliyyat sektorunda yük daşınması 2,4 dəfə artdı. Qeyd edim ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bərpası ulu öndərin Azərbaycan xalqına ən böyük töhfələrindən biridir və artıq bu dəhliz regional nəqliyyat dəhlizləri ilə rəqabət aparmaqla ölkə iqtisadiyyatının inkişafına, yerüstü nəqliyyat infrastrukturunun formalaşmasına ciddi təsir edən amillərdəndir.
Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası ilə bağlı verilmiş qərarlar nəticəsində xarici ticarətin liberallaşdırılması istiqamətində səmərəli və davamlı tədbirlər reallaşdırıldı. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi, möhkəmləndi və inkişaf etdi. 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi, xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatdı. Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici ivestisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuş, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatmışdır.
Azərbaycan Respublikasında bazar iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlərlə yanaşı, qiymətlərin və ticarətin sərbəstləşdirilməsinə də xüsusi diqqət yetirildi, azad rəqabət üçün əlverişli şərait yaradıldı. Bu tədbirlər nəticəsində istehlak qiymətlərinin aşağı salınması təmin edildi. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə – 330 faizdən 1887 faizə qədər artması müşayiət olunduğu halda, aparılmış düzgün iqtisadi siyasət nəticəsində inflyasiyanın artım surətinin kəskin azaldılmasına, onun birrəqəmli səviyyədə saxlanılmasına nail olundu. Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata çatdı, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil etdi. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirildi. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artdı. 1993-cü ildə bu məqsədlərə 1,1 milyon manat və ya ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdursa, 2002-ci ildə bu xərclər 190,3 milyon manata çatdırılmışdır ki, bu da büdcə xərclərinin 20,4 faizinə bərabər idi.
Ümummilli lider əmək bazarının inkişafına, məşğulluq və işsizlik problemlərinin həllinə geniş yer vermiş, bu sahədə görülmüş tədbirlər hesabına iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artmasına nail olunmuşdur. Azərbaycanda bu dövrdə qəbul edilmiş Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, Demoqrafik İnkişaf və Pensiya İslahatı konsepsiyaları, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı əmək və əhalinin sosial müdafiəsi sahələrində yeni strateji istiqamətlərin əsasını qoymuşdur.
Ulu öndər tərəfindən 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra ölkədə təhsil islahatlarına başlanıldı. Həmin proqrama uyğun olaraq ali təhsildə struktur dəyişiklikləri aparıldı, təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlər verildi, bir sıra ali təhsil müəssisələri öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurdu, təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət təhsil ocaqları ilə yanaşı qeyri-dövlət təhsil müəssisələrinin şəbəkəsi də inkişaf etdi. 1993-cü ildə 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 703 nəfərinin ali və tam orta təhsili olduğu halda, 2002-ci ildə bu göstərici 753-ə çatdı.
1997-ci ildə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, bu Qanunda əhalinin bir sıra təbəqələrinə, o cümlədən təqaüdçülərə, aztəminatlı insanlara pulsuz tibbi yardım, vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi, peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması kimi zəruri və son dərəcə mühüm məsələlər öz əksini tapmışdır.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarət olmuş, bu istiqamətdə müvafiq dövlət proqramları qəbul edilmişdir. Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyətin və əhalinin ortaillik artım göstəricilərinin yaxşılaşmasına, ömür uzunluğunun artmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunmuşdur.
Təhlillər əminliklə onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və son 16 ildən cox zaman kəsiyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəvidə davam etdirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə digər tədbirləri əhatə edən fərman və sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına gətirib çıxarmışdır. 2003-2019-cu illərdə ölkə iqtisadiyyatı 3,4 dəfə, qeyri-neft qaz sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,9 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20,0 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 22,8 dəfə artmış, işsizliyin səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək enmişdir. 2004- 2019-cu illərdə 2,4 milyon yeni iş yerləri yaradılmışdır. 2019-cu ildə ölkədə həyata keçirilən kompleks sosial islahatlar nəticəsində əmək pensiyasının minimum məbləği 200,0 manata, minimum aylıq əməkhaqqının məbləği 250,0 manata, orta aylıq nominal əməkhaqqının məbləği isə ilkin məlumatlara əsasən 634,8 manata çatdırılmışdır. Bütün bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın Birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafı, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün həyata keçirdiyi çoxsaylı tədbirlərlə böyük layihələrin müəllifinə çevrilmişdir.
Bildiyiniz kimi, bəşəriyyət siyasi, iqtisadi və sosial böhran aradan qalxmamış yeni, daha təhlükəli, öz fəsadları ilə bütün ölkələri müxtəlif zərbələr altında saxlayan koronavirus pandemiyası ilə qarşılaşdı. Bir həqiqətdir ki, regionun ən güclü dövləti olan Azərbaycan bu xəstəliyin yayılmaması və müalicəsi üçün ön və gərgin mübarizə cərgəsində yer alıb. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi missiyanın əhəmiyyəti bu gün virusa yoluxanların sayında və cəmiyyətdəki əhval-ruhiyyənin yüksək olmasında öz təsdiqini tapır. Azərbaycanda real iqtisadiyyatın sahələrinin davamlı inkişaf yolunda olması və reallaşdırılmış müasir innovativ layihələrin sayının durmadan artması hazırki pandemiya şəraitində də öz müsbət nəticəsini açıq şəkildə göstərdi. Çünki, bəşəriyyətin çətin dönəmində bu uğurların əldə olunmasında zamanın sınağında cilalanmış Heydər Əliyev siyasi kursuna olan xalqın etimadı və Prezident İlham Əliyevin yüksək nüfuzu və yorulmaz əməyi dayanır. Bu inam məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib.
Dahi rəhbərin anadan olmasının 97-ci ildönümü ərəfəsində bunu qururla bir daha qeyd etmək yerinə düşər ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təsdiqləyir.
Tahir BUDAQOV,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü