Ölkədə sosial təminat haqqında
2021-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olmuşdur.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2021-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 100,2 min nəfər (2020-ci il yanvarın 1-i vəziyyətinə 82,4 min), əlilliyə görə - 182,5 min (müvafiq olaraq 180,5 min) nəfər, ailə başçısını itirməyə görə - 49,2 min (47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 (63,0 min) min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 ( 28,3 min) min nəfər olmuşdur.
Əmək pensiyası almaq hüququ olmayan 2,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilmişdir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 244 qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 7,8 min ailəsinə 12,8 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 1855 nəfər bir yaşadək uşağı olan 1852 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 8,9 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 369 şəxsə isə kompensasiya verilmişdir.
2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 75996 ailəyə 77644 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3991 şəxsə müalicə üçün və 5508 nəfərə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik müavinətlər verilmişdir.
2021-ci il yanvarın 1-i vəziyyətinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 57,10 manat təşkil etmişdir.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 287,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
Əlaqə telefonu: 3771070 (22-71)