Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
İyunun 17-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Görüşdə son illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə BMT qurumları arasındakı əməkdaşlıqdan danışılmış, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, “Azərbaycan kontekstində Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumatların dezaqreqasiyası” mövzusunda beynəlxalq seminarın təşkilinin ölkə statistikasının inkişafı istiqamətində mühüm addımlardan olduğu bildirilmişdir.
Tədbirdə həmçinin BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin təqdimatı da keçirilmişdir.