Ölkədə sosial təminat haqqında
2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil etmiş və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olmuşdur.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2021-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 109,2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 98,7 min) nəfər, əlilliyə görə - 158,5 min (müvafiq olaraq 183,2 min) nəfər, ailə başçısını itirməyə görə - 48,8 min (48,3 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 54,4 min (63,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,7 min (29,1 min) nəfər olmuşdur.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bundan əlavə, müxtəlif kateqoriyalı şəxslərin 8,7 min ailəsinə 13,3 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 341 şəxsə isə kompensasiya verilmişdir.
Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,2 min nəfərə birdəfəlik müavinətlər verilmişdir.
2021-ci il iyulun 1-i vəziyyətinə 62,0 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 60,06 manat təşkil etmişdir.
Bunlarla yanaşı, cari ilin iyulun 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 296,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
Əlaqə telefonu: 3771070 (22-71)