Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreya Respublikası Statistika Komitəsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Noyabrın 23-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreya Respublikası Statistika Komitəsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər, o cümlədən 2018-ci ildə Koreya Statistika Komitəsinin dəstəyi ilə yaradılmış “Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS”in təkmilləşdirilməsi, inzibati məlumatların idarə olunması, elektron təlim portalının hazırlanması ilə bağlı 2021-ci ildə görülmüş işlər haqqında məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Rəsmi statistika sahəsində son illər Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Komitə sədri qeyd edib ki, statistik məlumatların istehsalı, xüsusilə məlumatların yayımı prosesində daha üstün təcrübəyə malik Koreya Statistika Komitəsi ilə əməkdaşlıq Dövlət Statistika Komitəsi üçün yeni imkanlar yaratmış, rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunması məqsədilə Azərbaycanda ASİS-in yaradılaraq istifadəyə verilməsi və onun inkişafı mühüm əhəmiyyətə malikdir. O, əvvəlki illərdə həyata keçirilmiş layihələr üzrə nəzərdə tutulan tədbirlərin, eləcə də Dövlət Statistika Komitəsində təlim otağının yaradılmasının, statistik təlim modullarının hazırlanmasının, 30-dan çox Komitə əməkdaşına Koreyada təlimlərin keçirilməsinin Azərbaycanda statistik kadr potensialının gücləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb, hazırkı Memorandumda qarşıya qoyulmuş vəzifələrin də uğurla icra olunacağına əminliyini ifadə edib.
Səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirən Koreya Statistika Komitəsi sədrinin müavini Kwang Sup Kim qurumlar arasında münasibətlərin səmərəli əməkdaşlıq ruhunda qurulduğunu bildirdi.