AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin əməkdaşları Finlandiya Statistika İdarəsinin təcrübəsi ilə tanış olublar

03.12.2021, 16:06

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsi çərçivəsində 2021-ci il 29 noyabr – 3 dekabr tarixlərində Finlandiya Statistika İdarəsində səfərdə olub. Səfər müddətində Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb, layihənin idarəetmə komitəsi üzvlərinin yüksək səviyyəli görüşü keçirilərək layihə çərçivəsində görülmüş işlər, qarşıda duran vəzifələr müzakirə edilib.

Finlandiya Statistika İdarəsinin mütəxəssisləri tərəfindən Finlandiyada rəsmi statistika sistemi, statistik işlər proqramı, statistik qanunvericilik, sahənin inkişaf strategiyası, keyfiyyət təminatı, statistik vahidlərlə bağlı reyestrin aparılması, biznes statistikasının idarə olunması, statistik istehsal prosesinin təkmilləşdirilməsi yolları və s. mövzulara dair təqdimatlar edilib. Vergi məqsədilə yaradılmış inzibati məlumat bazasının rəsmi statistik məlumatların istehsalında rolu və bununla əlaqədar zəruri məlumatların Finlandiya Statistika İdarəsinə ötürülməsi, reyestrin və bu sahədə keyfiyyətin idarə olunması standartlarının təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərlə yerində tanış olmaq üçün Finlandiya Vergi İdarəsinə səfər təşkil olunub.

Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən rəsmi statistika məlumatlarının istehsalı prosesinin təşkili, həyata keçirilmiş islahatlar, qarşıda duran vəzifələr və inzibati məlumatlardan rəsmi statistikada istifadə ilə bağlı ölkə təcrübəsi barədə təqdimat edilib, təlim iştirakçıları Finlandiyalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb.

Səfərdə Dövlət Statistika Komitəsinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları da iştirak ediblər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim