2022-ci ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2022-ci ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olmuşdur. Onlardan 183-ü həlak olmuş, 373-ü isə yaralanmışdır. Hadisələrin 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş vermiş, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq 335 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2022-ci ilin yanvar-mart aylarında | 2021-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 403 | 107,2 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 64 | 136,2 |
yaşayış məntəqələrində | 339 | 103,0 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 197 | 122,4 |
toran vaxtı | 65 | 80,2 |
gecə vaxtı | 141 | 105,2 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 363 | 110,0 |
digər (yaş, buz və s.) | 40 | 87,0 |
Zərərçəkənlərin sayı, nəfər | 556 | 112,3 |
həlak olanlar | 183 | 146,4 |
yaralananlar | 373 | 100,8 |
Bütün yol-nəqliyyat hadisələrinin 46,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizini, yaralananların isə 68,9 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 3 hadisə baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)