Dövlət Statistika Komitəsində UNFPA-nın regional direktoru ilə görüş keçirilib
İyunun 21-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru cənab Hassan Mohtaşami ilə görüş baş tutub.
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasındakı əməkdaşlığın mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, əhali statistikası sahəsində əldə olunan nailiyyətlər, 2019-cu ildə Azərbaycanda həyata keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələri, ölkəmizdə keçirilməsi nəzərdə tutulan Çoxgöstəricili klaster Sorğusu (MICS) kimi məsələlər müzakirə olunub.
Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov qonağı salamlayaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının dayanıqlı və sistemli xarakter daşıdığını, ölkə iqtisadiyyatının bütün sahələri kimi milli statistika sisteminin də inkişaf etdiyini və daim təkmilləşdirildiyini qeyd edib. Vahab Məmmədov 2019-cu ildə Azərbaycanda həyata keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələri barədə də ətraflı məlumat verib, Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlığın vacibliyini bildirib.
UNFPA-nın regional direktoru Hassan Mohtaşami səmimi görüşə görə minnətdarlığını bildirib. UNFPA-nın Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.