AZ    EN
logo

Narkotik vasitələrlə bağlı cinayətlər haqqında

15.08.2022, 12:00

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 18223 cinayət hadisəsinin 5768-i və ya  31,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 39,2 faiz çoxdur. Onların 59,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil etmişdir.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4036 şəxs müəyyən edilmişdir ki, onların da 33,1 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.

Cinayət törətmiş şəxslərin 73,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar,  7,6 faizi 18-24 yaşlı, 17,5 faizi 25-29 yaşlı gənclər, 74,7 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.

Bununla yanaşı, cari ilin birinci yarısında sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 915 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 35,4 faiz çoxdur.

2022-ci ilin yanvar–iyun ayları ərzində 2540,7 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz az narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 1256,0 kiloqramını heroin, 873,8 kiloqramını marixuana, 268,2 kiloqramını tiryək, 11,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,3 kiloqramını kokain, 131,0 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-70)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim