Azərbaycan və Koreyanın statistika qurumları arasında əməkdaşlıq davam edəcəkdir
2022-ci il 19-23 sentyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli 930 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında Koreya Statistika Komitəsi (KOSTAT) ilə birgə həyata keçirilən növbəti “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində Koreyaya səfər ediblər. Səfər zamanı Memorandumdan irəli gələn əməkdaşlıq məsələləri, layihənin icrası ilə bağlı görülmüş işlər və ötən dövr ərzində əldə olunmuş nailiyyətlər müzakirə olunub, eyni zamanda inzibati məlumatlarla bağlı hüquqi əsaslar, bu sahədə işlərin təşkili, məlumat təchizatçıları ilə əlaqələndirmə, inzibati məlumatların əldə edilməsi və statistik məlumat bazalarına inteqrasiyası, emalı və rəsmi statistikada istifadəsi, bununla əlaqədar tətbiq olunan proqram təminatları, inzibati məlumatlar statistikası sisteminin idarə olunması ilə bağlı Koreya təcrübəsi barədə məlumat verilib.
Dövlət Statistika Komitəsinin nümayəndələri ilə görüşən KOSTAT-ın sədri Han Hun qeyd edib ki, Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-ci ildə qurulmuş ikitərəfli əməkdaşlıq uğurla davam etdirilir. Ötən dövrdə həyata keçirilmiş layihələrin vaxtında və keyfiyyətlə icra olunması, iki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması hazırkı layihənin başlanması üçün yaxşı zəmin yaratmışdır. KOSTAT-ın təcrübəsi əsasında “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin yaradılması və həyata keçirilmiş digər fəaliyyətlər statistikanın inkişafı ilə yanaşı, bu il diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edən Koreya və Azərbaycan respublikaları arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfə verir.
Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov bildirib ki, beynəlxalq standartların tətbiqində təcrübə və informasiya mübadiləsinin aparılmasını, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, son yeniliklərin və təcrübələrin bölüşülməsini, kadr potensialının gücləndirilməsi ilə bağlı qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsini daim öz fəaliyyətində prioritet hesab edən Komitə üçün KOSTAT ilə əməkdaşlıq statistik informasiya sisteminin yaradılması, xüsusilə məlumatların yayımı sahəsində yeni imkanlar yaratmışdır. O, həyata keçirilmiş layihələrin, eyni zamanda statistik kadr potensialının gücləndirilməsi məqsədi ilə sosial-iqtisadi statistika və informasiya texnologiyaları mövzusunda təlimlərin təşkilinin, statistik təlim modullarının hazırlanmasının, Dövlət Statistika Komitəsində təlim otağının və studiyasının yaradılmasının Azərbaycanda statistik kadr potensialının gücləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ildə Bakı şəhərində icrası başa çatmış layihələrin yekunlarına həsr olunmuş konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş KOSTAT-ın sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi iki qurum arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm amil olub.
Daha sonra “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb, eyni zamanda növbəti ildə statistik təhlillərin aparılmasında müasir tətbiqi proqram paketlərinin tətbiqi və yerli statistika orqanlarının işçilərinin bilik və bacarıqlarının artırılması ilə bağlı təlim səfərlərinin təşkilinə dair yeni layihə təklifləri müzakirə edilib.