Dövlət Statistika Komitəsi əhalinin siyahıyaalınmasına dair beynəlxalq konfransda təmsil olunub
2022-ci ilin 29 noyabr – 1 dekabr tarixlərində Tokio şəhərində Amerika, Asiya və Sakit Okean ölkələrinin Milli Siyahıyaalma və Statistika Direktorları Assosiasiyası (ANCSDAAP) tərəfindən Yaponiya Statistika Bürosu ilə əməkdaşlıq çərçivəsində Əhalinin siyahıyaalınmasına dair 31-ci beynəlxalq konfrans keçirilib.
Tədbirdə əhalinin siyahıyaalınmasının 2020-ci il mərhələsinin ölkələr üzrə icmalı və əldə olunmuş təcrübələr, siyahıyaalma zamanı tətbiq olunmuş yeni texnologiyalar və alternativ üsullar, məlumatların toplanması və emalı, siyahıyaalmanın qiymətləndirilməsi, məlumatların yayılması, təhlili və istifadəsi, növbəti illərdə siyahıyaalmanın planlaşdırılması ilə bağlı çağırışlar və s. mövzular üzrə məsələlər müzakirə olunub, ölkə təcrübələri bölüşülüb.
Konfransda Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov məruzəçi qismində iştirak edib. 2019-cu ildə Azərbaycanda keçirilmiş əhalinin siyahıyaalınmasına dair təqdimatla çıxış edən Komitə sədrinin müavini tədbir iştirakçılarına siyahıyaalınmaya hazırlıq, onun keçirilməsi və nəticələri barədə ətraflı məlumat verib.
Beynəlxalq konfrans haqqında daha ətraflı məlumatları və ölkə təcrübələri barədə məruzələri http://www.ancsdaap.org/main/main.php linkindən əldə etmək olar.