Dövlət Statistika Komitəsində 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib
Dövlət statistika orqanlarının 2022-ci ildəki fəaliyyəti və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 10-da Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
İclasda öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Komitə sədri Tahir Budaqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2022-ci ildə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, ölkəmizin dünyada artan nüfuzunun və inkişaf tempinin daha da gücləndiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2022-ci ildə iqtisadi artım 4,6 faiz təşkil edib, qeyri-neft sektoru 9,1 faiz, kənd təsərrüfatı 3,4 faiz, qeyri neft-qaz sənaye məhsulu 7,1 faiz, əsas kapitala investisiyalar 5,5 faiz, nəqliyyat sektorunda yük daşınması 12,8 faiz, sərnişin daşınması 33,5 faiz, informasiya və rabitə xidmətləri 14,8 faiz, pərakəndə ticarət dövriyyəsi 3,1 faiz, ödənişli xidmətlərin həcmi 8,0 faiz artıb.
Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2022-ci ildəki faəliyyəti barədə ərtaflı məlumat verib. Qeyd edib ki, 2022-ci ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2022-ci il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurmuş, Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin yekunlarından, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamından, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən və digər dövlət proqramlarından, strategiyalardan, fəaliyyət planlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə 2022-ci ildə 8 tədbirin icrası tam başa çatdırılaraq ümumilikdə 25 iş yerinə yetirilmiş, Komitənin digər dövlət proqramları üzrə icraçı kimi çıxış etdiyi tədbirlərin icrası təmin edilmişdir.
2022-ci ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 85 metodoloji material hazırlanmışdır. Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi işi davam etdirilmişdir.
Komitənin veb-səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə etmişdir. 2022-ci ildə internet səhifəsindən 82,0 faizi ölkə ərazisindən, 18,0 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 11612 və ya 2021-ci illə müqayisədə 15,6 faiz çox istifadəçi bəhrələnmişdir. Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin “Elektron hökumət” portalı vasitəsilə təqdimatına dair vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə Komitənin internet səhifəsinin “E-xidmətlər” bölməsində bu xidmətlər haqqında ətraflı məlumatlar yerləşdirilmiş, “Facebook”, “Youtube”, “Tvitter” və “İnstagram” sosial şəbəkələrində Dövlət Statistika Komitəsinin səhifəsinin aktiv fəaliyyəti təmin edilmişdir.
Statistika məlumatlarının toplanması, emalı və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün bir sıra işlər görülmüş, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilmiş və nəticədə statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95,0 faizi ötmüş, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilmiş, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlmişdir. Bundan başqa, 2022-ci ildə yeni “Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi” elektron xidməti yaradılaraq “Dövlət Xidmətlərinin Elektron Reyestri”nə daxil edilmiş, Komitənin rəsmi internet səhifəsində, “Elektron hökumət portalı”nda yerləşdirilmiş və mərkəzi audentifikasiya və avtorizasiya sistemi olan “ASAN Login”ə inteqrasiya edilmişdir.
Daha sonra 2022-ci ildə statistika sistemində aparılmış sistemli islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib, müvafiq qərar qəbul edilib.
Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.