Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalara dair işlər haqqında
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 93,7 min işə baxılmışdır ki, bu da 2021-ci ilin göstəricisindən 30,2 faiz çoxdur. Onların 63,2 faizi idarəçilik qaydaları, 5,4 faizi yol hərəkəti qaydaları, 3,9 faizi mülkiyyət əleyhinə, 3,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 3,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,7 faizi sağlamlıq əleyhinə, 0,9 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə, 0,3 faizi gömrük qaydaları əleyhinə olan, qalanları isə digər inzibati xətalarla bağlı olmuşdur.
2022-ci ildə baxılmış işlərin 54,1 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 37,6 faizinin icraatına xitam verilmiş, 8,3 faizi üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılmış və ya aidiyyəti üzrə göndərilmişdir.
İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 50,7 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,4 faizinə inzibati cərimə, 38,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 18,8 faizinə inzibati həbs, 1,8 faizinə ictimai işlər, 0,5 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.