Dövlət Statistika Komitəsi ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə yenidən beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
Statistik məlumatların dəqiqliyi, keyfiyyəti, onların cəmiyyətdə baş verən sosial-iqtisadi hadisələrə uyğunluğu mühüm əhəmiyyət kəsb edir. Dövlət statistika orqanlarında təşkil olunan inzibati və statistik proseslərin, həmçinin hazırlanan statistik məhsulların keyfiyyətinin təmin olunması üçün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanın rəsmi statistika sistemində də keyfiyyətin təmin olunması aktual məsələlərdən biridir. Statistika proseslərinin təkmilləşdirilməsi, rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində keyfiyyətin artırılması, beynəlxalq standartlara inteqrasiyaya tam nail olunması Dövlət Statistika Komitəsinin qarşısında duran prioritet məqsədlərdəndir.
Dövlət Statistika Komitəsi statistika sistemində səmərəli idarəetmə sisteminin təşkili, məlumatların keyfiyyətinin təmin olunması üçün beynəlxalq təcrübəyə əsaslanaraq ümumi qayda və standartların tətbiqi məqsədilə öz fəaliyyətində ISO 9001:2015 beynəlxalq standartı əsasında keyfiyyətin idarə edilməsi sisteminin effektiv tətbiqini davam etdirmiş, bu məqsədlə bütün aidiyyəti tədbirlər həyata keçirilmişdir.
Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsindəki fəaliyyətinin ən yeni ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq standartının tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin yerli təmsilçisi “SGS Azerbaijan” MMC ilə təkrar sertifikatlaşdırma auditinin aparılması üçün müqavilə bağlanmışdır. “SGS Azerbaijan” MMC-nin audit qrupu tərəfindən 2023-cü ilin fevral ayında təkrar sertifikatlaşdırma auditi həm Dövlət Statistika Komitəsi aparatının şöbələrində, həm də keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi yerli statistika orqanlarında aparılmışdır. Auditin nəticələrinə əsasən Komitənin aparatı ilə yanaşı 45 yerli statistika orqanı da (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şirvan, Şəki, Yevlax şəhər, Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Balakən, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, İmişli, Qax, Qəbələ, Qobustan, Quba, Qusar, Lerik, Masallı, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tərtər, Ucar, Yardımlı, Zaqatala və Zərdab rayon statistika idarələri) “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.
Dövlət Statistika Komitəsi digər yerli statistika orqanlarında da keyfiyyətin idarə edilməsi sisteminin tətbiqi və sertifikatlaşdırılması istiqamətində işlər aparır.