Dövlət Statistika Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib
Mayın 10-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə söhbət açılmış, böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdığı və Ümummilli Lider zirvəsinə yüksəldiyi qeyd edilmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlandığı qeyd edilərək bildirilib ki, ümummilli lider Heydər Əliyev bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə ugurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, eyni zamanda 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın apardığı lokal antiterror tədbirləri nəticəsində suverenliyini də tam bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdığından bəhs edərək ölkəmizin sürətlə və hərtərəfli inkişaf etdiyi, dövlətimizin daha da qüdrətləndiyi xüsusi vurğulanıb.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Sonda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş Dövlət Statistika Komitəsi aparatının bir qrup əməkdaşına üzvlük vəsiqələri təqdim edilib.