Dövlət Statistika Komitəsi ilə Türkiyə Statistika İnstitutu arasında əməkdaşlıq genişləndirilir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Statistika İnstitutunun (TurkStat) fəaliyyəti ilə yaxından tanış olmaq və rəsmi statistikada BMT-nin Statistik İnformasiyanın Ümumi Modelinin (GSIM) və Statistika Təşkilatları üçün Fəaliyyətlərin Ümumi Modelinin (GAMSO) tətbiqi ilə bağlı təcrübəsini öyrənmək məqsədilə 2024-cü ilin 06-10 may tarixlərində TurkStat-da səfərdə olub.
Səfər müddətində Dövlət Statistika Komitəsi və TurkStat arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, Türkiyə Respublikasının milli statistika sistemində TurkStat-ın rolu, vəzifə və səlahiyyətləri, təşkilati strukturu, struktur bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olunub, TurkStat-ın rəhbərliyi, aidiyyəti departamentlərinin rəhbərləri və mütəxəssisləri ilə görüşlər keçirilib, TurkStat-da tətbiq edilən GSIM, GAMSO və digər sahələrə dair təqdimatlar edilib, əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə məlumat verilib.
TurkStat-ın prezidenti cənab Erhan Çetinkaya nümayəndə heyəti ilə görüşüb, Dövlət Statistika Komitəsi ilə Türkiyə Statistika İnstitutu arasında imzalanması nəzərdə tutulmuş Anlaşma Memorandumu, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə gələcək statistik əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı Azərbaycan Respublikasında rəsmi statistika sistemi, statistik məlumatların istehsalı prosesinin təşkili, həyata keçirilmiş islahatlar, qarşıda duran vəzifələr, Statistik İstehsal Prosesinin Ümumi Modeli (GSBPM) və onun tətbiqi, hesabatların elektron təqdimatı, hesabat intizamına nəzarət, məlumatların işlənməsi, keyfiyyətə nəzarət cədvəlləri, məlumatların təhlili və nəşrlərin hazırlanması, yayılması, DİM göstəriciləri üzrə məlumat istehsalı, Azərbaycanın Statistik İnformasiya Sistemi (ASİS) və digər əsas statistik fəaliyyətlər barədə Türkiyəli mütəxəssislərə məlumat verilib.