Tacikistan Respublikasında “Əmək statistiklərinin 21-ci Beynəlxalq konfransının qərarları nəzərə alınmaqla əmək statistikasının inkişafı”na dair iclas və MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 69-cu iclası keçirilib
2024-cü ilin 29-31 may tarixlərində Tacikistan Respublikasının Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi tərəfindən “MDB statistikasının inkişafı” layihəsi çərçivəsində “Əmək statistiklərinin 21-ci beynəlxalq konfransının qərarları nəzərə alınmaqla əmək statistikasının inkişafı”na dair iclas və MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 69-cu iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov və Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə iştirak edib.
Əmək statistikasının inkişafına həsr olunan iclas zamanı MDB regionunda əmək statistikasının cari vəziyyəti və gələcək perspektivləri, əhalinin siyahıyaalınmasında əmək bazarının ölçülməsi, əmək statistiklərinin 21-ci beynəlxalq konfransının qərarları nəzərə alınmaqla gələcək inkişaf istiqaməti, statistik məlumatların müasir texnologiyalar vasitəsilə toplanması və yayılması kimi mövzularla bağlı müzakirələr aparılıb.
Vahab Məmmədovun qatıldığı Statistika Xidmətləri Rəhbərləri Şurasının 69-cu iclasında isə Şuranın 2020-2023-cü illər ərzində fəaliyyəti, MDB Dövlətlərarası Statistika Komitəsinin 2023-cü ildə gördüyü işlər, “MDB statistikasının inkişafı” layihəsinin icrası ilə bağlı işlərin gedişatı, MDB regionunda valyutaların alıcılıq qabiliyyəti paritetinə əsaslanan Qlobal Beynəlxalq Müqayisələr Proqramı üzrə həyata keçirilmiş tədbirlər, MDB ölkələrinin nümayəndələri üçün Rusiya Federasiyasının büdcəsi hesabına ali təhsil müəssisələrində statistika ixtisası üzrə kadr hazırlığı üçün kvotaların ayrılması, beynəlxalq statistik olimpiada və müsabiqənin nəticələri, “MDB statistikasının inkişafı” layihəsi çərçivəsində əlavə peşə təhsili və ixtisasartırma işlərinin təşkili və s. məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.