2023-cü ildə ətraf mühitin vəziyyəti haqqında
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən əhalinin rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.
2023-cü ildə əvvəlki illə müqayisədə ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər 2,9 dəfə artaraq 677,4 milyon manat olmuş və ümumi daxili məhsulun 0,6 faizini təşkil etmişdir. Bu vəsaitin 595,0 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olmuş, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənmişdir.
Ölkəmizdə müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə 30,9 faiz az təhlükəli tullantı yaranmışdır. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.
2023-cü ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalmışdır. Son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artmışdır. Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınmışdır.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır.
Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 6850,0 hektar sahədə meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər çərçivəsində 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə meşə səpinləri işləri aparılmış, 4,0 hektar sahədə meşə-bağlar, 8,0 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 5800,0 hektar sahədə təbii bərpaya kömək göstərilmişdir. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18296,5 hektar təşkil etmişdir.
Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 16,2 hektar sahəyə toxumlar səpilmiş, çilik kökləndirməsi məqsədilə 0,4 hektar sahəyə 31,2 min ədəd çilik basdırılmışdır.
Əlaqə telefonu : (+994 12) 377 10 70 (22 24)