AZ    EN
logo

BVF-nun qiymətləndirmə missiyası

14.07.2008

Məlum olduğu kimi, Dövlət Statistika Komitəsinin əsas vəzifəsi bütün məlumat istifadəçilərini obyektiv və etibarlı statistik məlumatlarla təmin etməkdən ibarətdir. Bu istiqamətdə Komitə daim islahatlar həyata keçirir, yeni metodologiyaları tətbiq edir, beynəlxalq təcrübəni öyrənir.
Lakin bir sıra hallarda cəmiyyətdə, KİV-də Dövlət Statistika Komitəsinin hazırladığı rəsmi statistik məlumatların guya reallığı əks etdirmədiyi barədə səslənən fikirlər, rəylər bizi narahat etməyə bilməz. 2007-ci ildən bütün dünyada, o cümlədən Azərbaycanda qiymətlərin bahalaşması prosesinin sürətlənməsindən sonra bu meyllər güclənmiş, xüsusilə də Komitənin inflyasiyaya dair açıqladığı məlumatlar bir çox məlumat istifadəçilərində əsassız inamsızlıq yaratmış, Komitə əməkdaşlarının vicdanlı əməyi şübhə altına qoyulmuşdur.
Komitənin nüfuzuna xələl gətirən bu cür hallara son qoymaq üçün Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən İstehlak Qiymətləri İndeksi hesablamalarının müstəqil beynəlxalq ekspertizasını keçirmək qərarına gəlmişdir. Bu məqsədlə, Dövlət Statistika Komitəsi istehlak qiymətləri indeksinin hesablanması metodologiyası sahəsində dünya səviyyəsində əlaqələndirici funksiyalara malik Beynəlxalq Valyuta Fonduna rəsmi müraciət etmişdir. Müraciətimizə əsasən cari il fevral ayının 11-dən 22-dək Beynəlxalq Valyuta Fondunun Statistika Departamentinin şöbə müdiri cənab Kimberli Zişanq Dövlət Statistika Komitəsində səfərdə olaraq İstehlak Qiymətləri İndeksinin keyfiyyətinin qiymətləndirməsi missiyasını yerinə yetirmişdir. Qeyd etmək lazımdır ki, K.Zişanq eyni zamanda Beynəlxalq Valyuta Fondunun Beynəlxalq Əmək Təşkilatı ilə birgə hazırladığı və dünya ölkələri tərəfindən vahid təlimati sənəd kimi qəbul edilən İstehlak Qiymətləri İndeksinin hesablanmasına dair metodologiyanın müəlliflərindən biridir.
Missiya İstehlak Qiymətləri İndeksinin Dövlət Statistika Komitəsi tərəfindən hesablanması işlərini yüksək qiymətləndirmişdir. Missiya görülən işlərin beynəlxalq qaydalara uyğun səviyyədə təşkil olunduğu qənaətinə gələrək 22 maddə üzrə (indeksin əhatə dairəsi, məlumat mənbəyi, movcud konsepsiyalara uyğunluq, şəffaflıq, tətbiq edilən statistik üsullar, son məlumatın etibarlılığı, işçi heyətin peşəkarlığı və s.) qiymətləndirmə aparmış, İstehlak Qiymətləri İndeksinin 19 maddəsi üzrə işləri 5 səviyyəli qiymətləndirmə cədvəli üzrə ən yüksək qiymətə layiq görmüş, 3 maddə üzrə işlərin isə ən yüksək qiymətdən bir pillə aşağı səviyyədə təşkil olunduğunu qeyd etmişdir.
Missiyanın nəticələrinə dair cənab K.Zişanqın hesabatı saytımızın qonaqlarına təqdim olunur. Bu hesabat Beynəlxalq Valyuta Fondunun rəsmi internet səhifəsində də yerləşdiriləcəkdir.
Cənab K.Zişanqın hesabatı ilə tanışlıq üçün ''Məlumatların yayılmasının xüsusi standartı'' (MYXS) səhifəsində ''Standartlara və Məcəllələrə Riayət üzrə Hesabat'' (SMRH) bölməsinə daxil olmaq lazımdır.

Veb səhifə>>    http://www.azstat.org/sdds/az/index.shtml

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim