Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Daşkənddə Beynəlxalq Statistika Forumunda iştirak edir
2024-cü ilin 2-4 oktyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi, Özbəkistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə 2-ci Beynəlxalq Statistika Forumu və Forum çərçivəsində MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 70-ci iclası keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.
Yeni məlumat mənbələrinə həsr olunan Forumda rəsmi statistika sahəsində müasir informasiya texnologiyalarından istifadə ilə bağlı qabaqcıl təcrübələr bölüşülür, eyni zamanda rəqəmsal transformasiya kontekstində statistik istehsal proseslərinin modernləşdirilməsi, rəsmi statistikanın istehsalı üçün alternativ məlumat mənbələrindən, irihəcmli məlumatlardan və süni intellektdən istifadə ssenariləri, statistik təhsilə dair tələblər və digər aktual məsələlər müzakirə olunur. Tədbir məlumatların idarə olunması, informasiya resurslarının milli səviyyədə inteqrasiyası, statistik təhsil sahəsində problemlər və prioritetlər, statistik məlumatların toplanması, emalı, təhlili və yayılması üçün yeni texnologiyalar, irihəcmli və inzibati məlumatlar, süni intellekt və rəsmi statistika mövzularında sessiyalardan ibarətdir.
Statistika Xidmətləri Rəhbərləri Şurasının 70-ci iclası zamanı isə Şuranın 2020-2023-cü illərdə fəaliyyəti, “MDB statistikasının inkişafı” layihəsinin icrası ilə bağlı işlərin gedişatı və layihənin genişləndirilməsi məsələləri, MDB regionunda valyutaların alıcılıq qabiliyyəti paritetinə əsaslanan Qlobal Beynəlxalq Müqayisələr Proqramı üzrə görülmüş işlər, ərzaq balansının formalaşdırılması və s. məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.