Dövlət Statistika Komitəsinin mütəxəssisləri əmək və məşğulluq statistikası ilə bağlı İƏT üzv ölkələrinin milli statistika qurumlarının əməkdaşları üçün təlim keçib
2024-cü ilin 9-10 oktyabr tarixlərində Statistik Potensialın Artırılması Proqramı (StatCaB) çərçivəsində İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin milli statistika qurumlarının əməkdaşlarına Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi mütəxəssisləri tərəfindən “Əmək bazarının monitorinqi üçün işçi qüvvəsi müayinələrinin aparılması və təhlili” mövzusunda onlayn təlim keçirilib. Tədbirdə 25 üzv ölkənin 115 nümayəndəsi iştirak edib.
Təlim kursunun əsas məqsədi əmək və məşğulluq statistikasına dair mövcud beynəlxalq metodologiyaların milli səviyyədə tətbiq olunması, bu metodologiyalar əsasında əmək bazarının təhlili üçün statistik müşahidələrin aparılması, əldə olunan statistik məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunması sahəsində İƏT üzv ölkələrin milli statistika qurumlarının əməkdaşlarının potensialının artırılmasından ibarət olub.
Tədbirdə Dövlət Statistika Komitəsi aparatının Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə, məsləhətçiləri Dilbər Hüseynova və Zahir Mehdiyev tərəfindən Beynəlxalq Əmək Təşkilatının əmək statistiklərinin 19-cu və 20-ci beynəlxalq konfranslarının qətnamələrindən irəli gələn yeni standartların milli səviyyədə tətbiqi, işçi qüvvəsinə dair müayinə, həmçinin əməkhaqqı, əmək xərcləri və vakansiyaları özündə əks etdirən əməkhaqqı statistikası üzrə beynəlxalq ekspertlər tərəfindən aparılmış sektoral qiymətləndirmələr və bu qiymətləndirmələrin nəticəsi olaraq yeni beynəlxalq standartlar nəzərə alınmaqla milli səviyyədə tətbiq olunan işçi qüvvəsinə dair seçmə statistik müayinənin sorğu anketi və metodologiyası, həmçinin sözügedən müayinənin aparılması üçün ev təsərrüfatlarının seçmə metodologiyasının, əməkhaqqı statistikası üzrə mövcud rəsmi statistika hesabatı formalarının təkmilləşdirilməsi və tətbiqi, rəsmi statistik məlumatların istehsalı üçün inzibati mənbələrdən istifadə, əmək statistikasının inkişafı üzrə strateji planlar, məlumat mənbələri, əmək statistikası üzrə məlumatların toplanılması sahəsində real vaxt rejiminin tətbiqi və gələcək fəaliyyət istiqamətlərini özündə əks etdirən təqdimatlar edilib.
Tədbir zamanı iştirakçılar tərəfindən verilmiş suallar cavablandırılıb və müzakirələr aparılıb.