Dövlət Statistika Komitəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Fevralın 26-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra faciədə canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən iştirakçılar qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Bildirilib ki, Xocalı şəhərində törədilmiş faciə erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı həyata keçirdikləri qəsbkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuş, miqyasına və ağırlıq dərəcəsinə görə törədilən cinayətlərin ən dəhşətlisi hesab edilmiş, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib. Uzun illər Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, onun soyqırım kimi tanıdılması istiqamətində sistemli iş aparılmasının, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri Xocalı faciəsinin soyqırım aktı kimi təsbit edilməsinin və dünyaya tanıdılmasının məhz Ulu öndər Heydər Əliyevin sayəsində mümkün olduğu vurğulanıb.
Tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə 30 illik işğala son qoydu. Xocalı soyqırımını, dinc əhaliyə qarşı digər cinayətləri törədənlərin cavabı döyüş meydanında verildi. Xocalı şəhəri
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı, Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksin yaradılması ilə bağlı 2025-ci il fevralın 25-də sərəncam imzaladı. Bu gün bütün azad edilən torpaqlarımızda olduğu kimi, Xocalıda da abadlıq, quruculuq işləri başlayıb, təmir, bərpa işləri aparılır, sakinlər doğma yurdlarına qayıdırlar.
Sonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.