İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 faiz təşkil etmişdir.
2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil etmişdir.
2025-ci ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil etmişdir.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin, ucuzlaşma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,8 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi, stomatoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-55)