2024-cü ildə tullantıların hərəkəti haqqında
2024-cü ildə ölkədə 4365,0 min ton və ya əvvəlki illə müqayisədə 6,8 faiz çox tullantı əmələ gəlmiş və onların 69,3 faizini bərk məişət tullantıları, 30,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.
Ötən il yaranmış 3025,4 min ton bərk məişət tullantılarının 80,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 19,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,3 faizi ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 232,5 milyon kVt saat və ya 2023-cü illə müqayisədə 4,3 faiz çox elektrik enerjisi istehsal edilmişdir.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,2 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 15,3 faizi ölkə daxilində satılmış, 1,4 faizi ixrac olunmuş, 11,6 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 49,5 faizi isə müəssisələrdə qalmışdır.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2024-cü ildə 260,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 6,0 faiz olmuşdur. Tullantıların 71,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 115,7 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.
Əlaqə telefonu: (+994 12) 377 10 70 (22 24)