AZ    EN
logo

29 yanvar 2009-cu il tarixdə Dövlət Statistika Komitəsində görüş

30.01.2009

29 yanvar 2009-cu il tarixdə Dövlət Statistika Komitəsinin binasında Komitənin sədri Arif Vəliyevin və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Məhəmməd Bendriss Əlaminin görüşü olmuşdur.
Dövlət Statistika Komitəsinin sədri A.Vəliyev UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Məhəmməd Bendriss Əlamini salamlayaraq, Dövlət Statistika Komitəsi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi arzusunda olduğunu bildirmişdi. Öz növbəsində, cənab Məhəmməd Bendriss Əlami bu iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu söyləmiş, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd etmişdir.
Ümumiyyətlə, görüş zamanı 2008-ci ildə əldə edilmiş nailiyyətlər və 2009-cu ildə görüləcək işlər müzakirə edilmişdir. 2008-ci ildə birgə fəaliyyət nəticəsində "Demoqrafiya və Sağlamlıq Sorğusu" hesabatının yekunlaşdırılaraq təqdim olunması və əlaqədar qurumlara paylanması, "TRANSMONEE" layihəsi çərçivəsində Azərbaycan üzrə 2007-ci ilin məlumatlarının və uşaqların müdafiəsi üzrə təhlilin hazırlanaraq UNİCEF-ə göndərilməsi, "Devİnfo" texnologiyasından istifadə etməklə Azərbaycanın Minilliyin İnkişafı Məqsədləri üzrə məlumat bazası - Azərbaijanİnfonun ilkin internet versiyasının hazırlanması və sınaqdan keçirilmək üçün sayta (www.azerbaijaninfo.az) yerləşdirilməsi işlərinin uğurla başa çatdırılması UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri tərəfindən xüsusilə vurğulanmışdır. Eyni zamanda, 2009-cu il üçün prioritet olan Azerbaijanİnfo-nun ilkin internet versiyasının alınmış şərhlər üzrə yekunlaşdırılaraq Dövlət Statistika Komitəsi və UNİCEF tərəfindən ictimaiyyətə təqdim olunması, Azerbaijanİnfo-nun il ərzində rayon və iqtisadi regionlar üzrə əlavə məlumatlarla zənginləşdirilməsi və göstəricilərin təriflərinin razılaşdırılaraq bazaya daxil edilməsi, "TRANSMONEE" layihəsini davam etdirərək 2008-ci il üzrə məlumatların toplanması və UNİCEF-ə göndərilməsi kimi vacib məsələlərə də toxunulmuşdur.
Qeyd olunanlardan əlavə cənab Məhəmməd Bendriss Əlami bu il keçiriləcək siyahıyaalma ilə də maraqlandı. Bu barədə məlumat verərək cənab A.Vəliyev bildirdi ki, siyahıyaalma hər 10 ildən bir keçirilir, bu zaman 25-26 min adam müvəqqəti olaraq işə götürülür. Siyahıyaalmaya hazırlıq işləri 3 ilə yaxın müddət ərzində aparılır, siyahıyaalmanın özü isə 10 gün ərzində həyata keçirilir. Bundan sonra 1 il müddətində alınmış nəticələr təhlil edilir. Hazırda bütün hazırlıq işlərinin başa çatdırıldığı və artıq kadr seçiminin aparıldığı qeyd edilmişdir.
Sonda UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Məhəmməd Bendriss Əlami səmimi qəbula görə minnətdarlığını bildirdi.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim